RU

Zaman və biz – təqvim düşüncələri

Bakı, 10 dekabr, AZƏRTAC

Qədim bir el bayatısında deylir: “Gündə bir kərpic düşür ömrümün sarayından”... Təqvimdən qopan hər vərəq ömür sarayından bir kərpic düşürür. Açılan hər səhər, təqvimdən qopan hər vərəq ömür sarayının divarlarını əridə-əridə aparır.

Vaxtın sürətindən, yel kimi ötüb keçməyindən həmişə gileylənirik. Xüsusilə gənclik illəri ovcumuza düşən qar dənələri kimi tez əriyib gedir. Həssas ruhlu hər kəs güzgü önünə keçəndə onu gənclikdən uzaqlaşdıran əlamətləri hiss edir: dərinləşən qırışlar, sayı artan ağ tüklər, işığı azalan gözlər... Fərqinə varırıqmı? Əlbəttə, varırırq. Amma nə edəsən? Kiminsə sözüdür: gəlin güzgüləri sındıraq! Guya güzgü olmasa, ona baxmasaq, qocalığı hiss etmərik. Amma çıxış yolu budurmu?

Məşhur ingilis yazıçısı Oskar Uayldın sözüdür: “Vaxt ən gözəl müəllimdir. Heyf ki, o öz tələbələrini tez öldürür”. Bir şairin misralarıdır: “Bir vaxt vaxt gəzirdim vaxt öldürməyə, indi vaxt tapmıram vaxtı bölməyə”.

Belə bir atalar sözü var: «Ötən günə gün çatmaz calasan günü günə”. Nə üçünsə ömrün arxada qalan günləri daha şirin, kövrək və unudulmaz təsir bağışlayır. Hansısa filosofun sözüdür: “Keçmiş şirin, gələcək turşməzə, bu gün isə dadsızdır”. Bu da bir həqiqətdir ki, yaşadığımız zamandan, içərisində olduğumuz andan çox sabaha, gələcəyə can atırıq. Elə bu istəklə də günləri qova-qova bəxtimizə düşən ömür payını qayçılayırıq. Yazıçı Seyran Səxavətin “Qaçhaqaç” romanında belə bir cümlə var: “Saniyələr dəqiqələri, dəqiqələr saatları, saatlar günləri, günlər ayları, aylar illəri, illər də əsrləri doğurdu – bu, Zamanın döl kampaniyası idi...”

Yaşaya-yaşaya yaşlanır, yaşlana-yaşlana qocalırıq. Zamana boyun əymək istəməsək belə...

Избранный
44
azertag.az

1Источники