RU

Psixodiaqnostika aparmaq üçün süni intellektdən istifadə edən insanların falçılardan fərqi yoxdur Psixoloq

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar insanlar "ChatGPT" vasitəsilə özlərinə psixoloji seanslar keçirir və özləri haqqında (məsələn, narsist, bipolar və s.) diaqnoz qoymağa çalışırlar.

Bəs bu, nə dərəcədə doğrudur? Ümumiyyətlə, "ChatGPT"nin yönləndirməsində doğru nüanslar ola bilərmi?

Redaktor.az-ın sualına cavab olaraq klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov qeyd etdi ki, "ChatGPT" tibbi diaqnoz üçün yaradılmayıb və bunu hamı dəqiq anlamalıdır.

Onun sözlərinə görə, psixodiaqnostika aparmaq üçün süni intellektdən istifadə edən insanların falçılardan fərqi yoxdur:

"Bu artıq rəqəmsal cəhalət formasına çevrilib. Psixi pozuntunu müəyyən etmək üçün ciddi elmi yanaşmalar, diaqnostik metodlar və klinik prosedurlar tələb olunur. Bu proses kağız üzərində iki simptomu yazıb nəticə çıxarmaq deyil. Hər hansı psixi pozuntunu dəyərləndirmək üçün elmi əsaslı psixodiaqnostik testlər tətbiq edilməli, strukturlaşdırılmış müsahibə aparılmalı, pasientin davranışları müşahidə edilməli və anamnez toplanmalıdır. Ehtiyac olarsa, konsilium keçirilməli, fərqli mütəxəssislərin rəyi alınmalıdır. Bəzi hallarda isə diaqnozun dəqiqləşdirilməsi üçün uzunmüddətli müşahidə aparılmalı və pasient stasionar şəraitdə izlənməlidir. Bunlar tibbin və psixologiyanın tələb etdiyi normalardır".

Müsahibimiz bildirdi ki, "ChatGPT" elm deyil, o yalnız mövcud məlumatları axtarış sistemindən daha rahat formada təqdim edir:

"İntellektual alət kimi faydalı tərəfi var, amma psixodiaqnostika aparacaq gücü yoxdur. Buna baxmayaraq, bəzi insanlar özlərinə bipolyar, narsist kimi diaqnozlar qoyur və bundan sosial kimlik düzəldirlər. Bu davranış artıq dəb halını alıb və real həyatda ciddi problemlər yaradır. İnsanlar gündəlik adi narahatçılıqları belə xəstəlik kimi qəbul etməyə başlayırlar. Bu isə həm sosial davranışa, həm özünüdərkə, həm də ətrafdakı insanlarla münasibətlərə zərər vurur. "ChatGPT" sadəcə sürətli axtarış vasitəsi kimi istifadə edilməlidir. Əvvəllər "Google" platformasında axtarılan məlumatlar indi süni intellektlə soruşulur. Axtarış istiqamətləri düzgün formalaşdırılsa, lazımi elmi informasiya tapmaq olar. Ancaq bütün bunlar yenə də diaqnoz demək deyil. Bu sadəcə məlumat əldə etməyin daha rahat formasıdır".

Psixoterapevt "ChatGPT" ilə dostluğun tənhalıq olduğunu vurğuladı.

""ChatGPT" insanın ailə üzvü ola bilməz, onun yerini tuta bilməz və tutmamalıdır. Bu, rəqəmsal prosesdir. Təcrübəmdən real bir nümunə var. Müəyyən müddət süni intellektlə uzun söhbətlər edən bir pasientdə depressiya ağırlaşmışdı və suisidal düşüncələr yaranmışdı. Yəni süni intellektlə emosional bağlılıq qurmaq insan psixikasını zəiflədir və reallıq hissini pozur. "ChatGPT" yalnız məlumat tapmaq üçün köməkçi vasitə ola bilər. Diaqnoz üçün deyil. Müalicə üçün deyil. İnsan psixikasını qiymətləndirmək üçün isə ümumiyyətlə uyğun deyil. Psixodiaqnostika tibbi prosesdir və süni intellekt bunu əvəz edə bilməz", - deyə Rövşən Nəcəfov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
1
redaktor.az

2Источники