P.Vəliyeva qeyd edib ki, Azərbaycan müdafiə sənayesi sahəsində Slovakiya ilə əməkdaşlığı geniş perspektivli və qarşılıqlı faydalı sahələrdən biri kimi qiymətləndirir: “Bu əməkdaşlıq hərbi məqsədlərdən çox sənaye və texnoloji inkişafın təmin edilməsi məqsədi daşıyır. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi nəticəsində yeni məhsulların istehsalı həm dünya bazarlarına çıxış imkanları yaradacaq, həm də ölkəmizdə yüksək texnoloji inkişafın sürətlənməsinə xidmət edəcək. Azərbaycan xarici siyasət prioritetlərini uzun müddət əvvəl müəyyən edib və bu gün Avrasiyada mühüm bağlantı mərkəzlərindən birinə çevrilib. Son illər ölkəmizin nəqliyyat infrastrukturu, logistika şəbəkəsi və enerji layihələrinə qoyduğu sərmayələr nəticəsində Azərbaycan Orta Dəhlizin ən etibarlı hissəsinə çevrilib. Şərqdən Qərbə ən təhlükəsiz və qısa yol Azərbaycan üzərindən keçir. Bu, Slovakiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır”. Rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzlərinin yaradılmasının da Azərbaycan–Slovakiya əməkdaşlığının yüksələn istiqamətlərindən biri olduğunu söyləyən deputat vurğulayıb ki, ölkəmizin bu sahədə üstünlüyü iki əsas amildən qaynaqlanır: “İqlim müxtəlifliyi ölkədə ilboyu soyuq bölgələrin mövcudluğu data mərkəzlərinin səmərəli fəaliyyətinə imkan yaradır. Bu isə Slovakiya şirkətləri ilə əməkdaşlıq üçün yeni imkanlar açır. Genişlənən qaz ixracı, bərpa olunan enerji imkanları, data mərkəzləri üçün yaradılan şərait və nəqliyyat dəhlizlərində Azərbaycanın artan rolu iki ölkə arasında qarşıdakı illərdə daha genişmiqyaslı layihələrin reallaşmasına zəmin yaradır. Bütün bunlar göstərir ki, Azərbaycan–Slovakiya strateji əməkdaşlığı təkcə ikitərəfli münasibətləri deyil, həm də regional enerji təhlükəsizliyini və Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir”. Sevinc İbrahimzadə / Metbuat.az