RU

Paşinyanın anti-Azərbaycan siyasətinin yeni mahiyyəti və elementləri - TƏHLİL

Nikol Paşinyan siyasi karyerasının ən həlledici, bəlkə də ən riskli seçim mərhələsinə daxil olub. “Azərbaycanla tənzimlənməyə hazırıq” kimi gurultulu bəyanatlar versə də, əslində Ermənistanı Azərbaycana qarşı müharibəyə ciddi şəkildə hazırlayır. Onun diqqətində yalnız Azərbaycan deyil, eyni zamanda Rusiya Federasiyası və İranla müharibə ehtimalı da dayanır. Bu kombinasiyada hansısa anda regional müharibə yaratmaq zərurəti yaransa, Paşinyan bunu da etməyə cəhd göstərə bilər. Hazırda qurduğu siyasi təməlin məzmunu məhz bu istiqamətə hesablanıb.

Buraya konstitusiya dəyişikliklərindən imtina, silahlanmaya dair izahatdakı ziddiyyətlər, eləcə də İran və Rusiyanın müxtəlif vədlərlə aldadılması daxildir. Avropa İttifaqı ilə imzaladığı son sənəd də əsasən Azərbaycana qarşı geosiyasi çərçivə üzərində qurulub.

Aİ, KTMT-də iştirakın faktiki zəifləməsi fonunda Paşinyana geniş imkanlar verir. Bu yanaşma daha çox Azərbaycan mövzusuna yönəlib: Türkiyə ilə bağlı açıq neqativ addımlar görünmür, İranla bağlı isə Paşinyanın ritorikasında bəzən konstruktiv səslənən fikirlər də yer alır. Aİ ilə imzalanan strateji sənəddə Ermənistan versiyasında İranla enerji əməkdaşlığına işarə edilsə də, Aİ-nin belə bir niyyətinin olmadığı açıq görünür. Aİ həmçinin ümid edir ki, Ermənistan təkcə Rusiyadan deyil, zamanla İrandan da uzaqlaşaraq bu məsələdə Qərbin davamçısına çevriləcək. Paşinyan isə hesab edir ki, Rusiya və İrana qarşı mübarizədə Aİ-nin resurslarından istifadə etməklə öz məqsədlərinə çatmaq mümkündür.

Paşinyan ədliyyə nazirinin müavini Tiqran Dadunts vasitəsilə konstitusiya dəyişikliyi düşünmədiklərini, hətta bunun “ağlasığmaz” olduğunu bildirsə də, az sonra seçkilərə qədər konstitusiya dəyişikliklərinin mümkünlüyünü açıqladı. O, hakimiyyəti dövründə 7 milyard dollara çatan dövlət borcunun 4,4 milyardının silahlanmaya sərf olunduğunu desə də, sonradan bunun izahını dəyişərək həmin vəsaitin Qarabağdan çıxmış ermənilərə və müharibə xərclərinə yönəldiyini iddia etdi. Halbuki Paşinyanın bəyanatları göstərir ki, silahların əsas hissəsi son bir ildə alınıb və bu, təkcə Azərbaycanla mümkün müharibəyə hazırlıq məqsədi daşıyır. Avropalılar isə Paşinyanın bəyanatlarını sanki ciddi təhlil etmədən, sadəcə qeyd aparırmış kimi qəbul edirlər. Ukrayna məsələsində Rusiyaya qalib gələ bilməyən Avropa, Ermənistanın KTMT-də üzvlüyünün dondurulması ilə nəsə strateji nəticə əldə edəcəyini düşünməklə faktiki şəkildə özünü aldadır.

Ermənistanın regionda yaratdığı ərazi fobiyası böyük təhlükədir və bütün bunların Avropa tərəfindən xüsusi nəzarətə götürülməsi vacibdir. Region yeni mərhələyə qədəm qoyub və Paşinyan anti-Azərbaycan kursunu daha da gücləndirməyə çalışır.

Hazırda Paşinyan seçki kampaniyasına başlayıb və bütün resurslarını bu istiqamətə yönəldib. Onun məqsədi seçkilərdə Azərbaycan üzərində “uğur” görüntüsü yaratmaq və bunu seçicilərinə təqdim etməkdir. Buna görə uzun müddət gizli saxladığı bəzi fəaliyyətlərini indi açıq deməyə məcbur qalıb. Ən mühüm hazırlıq elementlərindən biri Qərbdəki erməni diasporunu və hakimiyyətin anti-Rusiya siyasətini müdafiə edən lobbi qruplarını prosesə cəlb etməkdir. Bu dövrdə Azərbaycanın vəziyyəti öz xeyrinə dəyişmək imkanları da genişdir.

Arxiyepiskop və bir qrup yepiskopun II Qaregindən istefa tələb etməsi erməni tarixində görünməmiş hadisədir. Tarixən erməni kilsəsi dövlətin əsas idarəedici institutu olub və dövlət strukturu kimi fəaliyyət göstərib. İndi kilsə daxilində baş verənlər erməni tarixinin ayrıca araşdırılmalı mövzularındandır. Hazırkı mərhələdə isə Paşinyan üçün bu məsələ tarixi deyil, seçici bazasını Rusiyanın təsirindən çıxararaq öz nəzarətinə almaq məqsədi daşıyır. Bununla yanaşı, anti-Azərbaycan addımlar ataraq cəmiyyətin diqqətini bu istiqamətə yönəltməyə çalışır. Hətta ermənilərin bir qrupunda belə bir təsəvvür formalaşıb ki, guya Rusiya Azərbaycanın tərəfdarıdır və RF-in Ermənistana qarşı fəaliyyəti ilə Azərbaycanla mübarizə eyni məsələ kimi qavranılır.

Konkret anti-Azərbaycan addımlar:

I. Konstitusiya dəyişikliyinin ləngidilməsi.

T.Dadunts yeni konstitusiya layihəsi üzərində işə başlandıqlarını, lakin hələ preambula hissəsinə çatmadıqlarını bəyan etdi. Bu, texniki görünən bir detal olsa da, açıqlanması ciddi suallar doğurur. Paşinyan Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirdisə, Azərbaycanın əsas tələbi olan konstitusiya dəyişikliyinə razı olmalı idi. Azərbaycan tərəfi bu məsələnin Paşinyan üçün siyasi dividendlər gətirəcəyini nəzərə alaraq təkid edirdi. Çünki Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra konstitusiyanı dəyişəcəyini özü bəyan etmişdi. Ermənistanda konstitusiya dəyişikliyi həm siyasi, həm geosiyasi, həm də sosioloji baxımdan çox dərin mahiyyətə malik prosesdir.

II. Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmasının qarşısını almaq siyasəti.

Paşinyanın əsas hədəflərindən biri Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıtmasına hər vasitə ilə mane olmaqdır. Bu, onun Ermənistanın gələcəyi ilə bağlı təsəvvürlərinə, millətçi ideologiyasına uyğundur. O, hətta Qarabağ ermənilərinin belə Azərbaycan ərazisinə qayıtmasının əleyhinədir. Onun müxtəlif bəyanatlarında bu mövzuda ziddiyyətli fikirlər var. Xarici təşkilatlar Qarabağ ermənilərinin Azərbaycana qayıtmasını tələbi etdikdə Ermənistan tərəfindən demək olar ki, reaksiya verilmir. Aİ ilə strateji sənəddə də Azərbaycan ərazisini tərk etmiş ermənilərlə bağlı Paşinyanın maraqlarına uyğun müddəalar yer alıb. Bununla Ermənistanın konfliktogenliyinin ənənəvi dayağı olan İranın yanında artıq Aİ də açıq dəstəkçiyə çevrildi.

Qərbi azərbaycanlıların qayıdışı Ermənistanı monoetnik dövlətdən çoxmillətli, çoxkonfensiyalı struktura çevirərdi. Bu isə regionda Azərbaycanın liderliyini daha da gücləndirər, Gürcüstanın mövqelərini dəyişməyə vadar edər, İranın Cənubi Qafqaz siyasətini yeniləməsinə səbəb olardı. Məhz buna görə Paşinyan bu prosesi hər vasitə ilə əngəlləməyə çalışır.

III. Azərbaycanda cinayət törətmiş erməni separatçılarının geri qaytarılması.

Bu, Paşinyanın dövlət siyasətinin açıq təzahürüdür. Parlament sədri Alen Simonyan Bakıda saxlanılan separatçıların qısa müddətdə Ermənistana qaytarılacağını bildirdi. Onun Yunanıstana səfərinin əsas məqsədi də bu məsələyə Avropa dairələrinin diqqətini cəlb etmək idi. Paşinyan seçkilərə qədər həmin şəxsləri geri alacağına əmindir və bu mövzuda diasporla tam həmrəydir.

IV. Ermənistanın iqtisadi modernizasiyası və regionda güc mərkəzinə çevrilmək niyyəti.

Paşinyan Ermənistanı müasir texnoloji dövlətə çevirmək ambisiyası ilə ABŞ və Aİ ilə yeni əməkdaşlıq layihələrinə start verib. Bunların ən diqqət çəkəni NVIDIA-nın 500 milyon dollarlıq sərmayə ilə süni intellekt zavodu tikməsidir. Zavodun ildə 3-4 milyard dollarlıq məhsul ixrac etməsi planlaşdırılır və bu rəqəmin artacağı gözlənilir. Layihə Qərbdəki erməni milyarderlərin dəstəyi ilə reallaşır və bu prosesdə ciddi geosiyasi elementlər mövcuddur. Qazaxıstanın da bu mexanizmə daxil edilməsi, İran üzərindən yeni logistika xəttinin açılması planlaşdırılır. Qazaxıstan Ermənistanla sıxlaşan əməkdaşlıq çərçivəsində 348 milyon dollarlıq iqtisadi paket təklif etdi, lakin Paşinyan onun tərkibindən narazı qaldı və yaxın günlərdə Ermənistan nümayəndə heyətinin bu mövzunu müzakirə etmək üçün Qazaxıstana səfəri gözlənilir. Bu məsələdə Azərbaycanın diplomatik resurslarını səfərbər etməsi çox vacibdir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 2 dəfə oxunub.
Избранный
11
xezernews.az

1Источники