RU

Bölgələrdə Yeni il şoku – hotellərdə qiymətlər “uçur”

Yeni il yaxınlaşdıqca bölgələrdəki hotellərə axın başlayıb. Şəhərdən qaçıb təbiətin qoynunda istirahət etmək istəyənlərin sayı artdıqca, qiymətlər sakitcə yox, elə bayram fişəngi kimi “partlayır”. Kimisi hələ də uyğun paket axtarır, kimisi isə artıq aylar əvvəl yer ayırtdığını deyir. Amma bir məqam dəqiqdir: bölgələrdə bayram gecəsi üçün yer tapmaq da, özü də münasib qiymətə tapmaq əvvəlki illərə nisbətən xeyli çətinləşib.


Musavat.com-un apardığı araşdırma göstərir ki, Yeni il paketləri həm bahalaşıb, həm də sürətlə tükənir. Rayonlara üz tutmağı planlaşdıranlar üçün hotellərin son vəziyyəti belədir:


Ölkənin ən populyar istirahət mərkəzlərindən biri olan “Marxal Resort & Spa”da 31 dekabr – 1 yanvar tarixlərini əhatə edən iki gecəlik standart otaq (1 otaq, 2 nəfər) 1600 manata təklif olunur. Paketə 2 dəfə qidalanma daxildir.


“Quba Palace Hotel”də isə vəziyyət bir qədər fərqlidir. İki gecəlik paket : 31 dekabr – 1 yanvar tarixləri üçün dağ mənzərəli otaq 1900, göl mənzərəli otaqda isə 2000 manatdır. Qiymətə 31-i günorta və axşam yeməyi, 1-i səhər və axşam yeməyi daxildir. Oteldə yerlərin çox az qaldığı bildirilir.


Yeni il tətilində ən çox üstünlük verilən məkanlardan olan “Shamakhi Palace” isə daha geniş paket təklif edir. 31 dekabr – 1 yanvar tarixlərini əhatə edən 1980 manatlıq paketə 2 gecə, 3 gün qonaqlama və gündə 3 dəfə qidalanma daxildir. 31 dekabrda olacaq qala gecəsində bütün spirtli və spirtsiz içkilər ödənişsiz verilir. 1 yanvar tarixində isə nahar və şam yeməkləri açıq bufet formatında təşkil olunur və içkilər yenə limitsizdir.


“Basqal Resort” də Yeni il üçün xüsusi paket açıqlayıb. 31 dekabr – 2 yanvar tarixlərini əhatə edən 2 gecəlik paket 2 nəfər üçün 1860 manatdan başlayır. Qiymətə səhər və şam yeməyi daxildir. 31-i axşam isə qala gecəsi keçiriləcək. Hazırda oteldə yerlər mövcuddur.


Daha münasib qiymət təklif edən “Shabran Wellbeing Resort”un paketi 2 gecə – 2 nəfər üçün 640 manatdır və buna yalnız səhər yeməyi daxildir. Əgər qala gecəsi daxil olsaydı, paket 1800 manata başa gələcəkdi. Lakin oteldə qala gecəsi üçün yerlərin artıq qalmadığı bildirilib.


“Lankaran Springs Hotel”də Yeni il gecəsini keçirmək istəyənlər isə ən az 1550 manat ödəməlidirlər. Paket 31 dekabr – 1 yanvar gecəsini əhatə edir . Hələ ki, boş yerlər var.


Qiymət baxımından daha sərfəli seçim axtaranlar üçün “Şuşa Hotel” diqqət çəkir. Burada 31 dekabr – 2 yanvar tarixlərini əhatə edən 2 gecə – 3 günlük paket 2 nəfər üçün 950 manatdır. Paketə qala-bufet şam yeməyi, 1 yanvar xaş və səhər yeməyi, eləcə də axşam bufeti daxildir. Əlavə qonaqlar üçün qiymət 12 yaşdan yuxarı 400 manat, 12 yaşdan kiçiklər üçün 215 manatdır.

Aparılan araşdırmadan görünür ki, Yeni ili bölgələrdə qarşılamaq paytaxtdakı əksər tədbirlərdən daha bahalı başa gəlir. Lakin otellər təklif etdikləri xüsusi proqramlar, qala gecələri və limitsiz xidmət paketləri ilə yüksək tələbatı qorumaqda davam edir. Bir çox mərkəzlərdə yerlərin sürətlə tükənməsi isə bayram günlərində bölgələrdə ciddi sıxlıq olacağının xəbərçisidir.

Избранный
72
ekologiya.az

1Источники