Naxçıvandakı Xaraba Gilan türbələrinin islam sivilizasiyasına aid olmadığı aşkarlanıb.
APA xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında bildirilib.
Hesabatda qeyd edilib ki, tarix üzrə fəlsədə doktoru, arxeoloq Bəhlul İbrahimli cari ildə Xaraba Gilan şəhər yeri abidələri üzrə tədqiqat işlərini davam etdirib: “İkinci Memorial Kompleksin 1 saylı türbəsi ətrafında və sərdabəsində aparılan arxeoloji qazıntılar bu abidələrdə dəfn adətinin İslam qanunları əsasında həyata keçirilmədiyini və idiyədək Xaraba Gilan türbələrinin hamısının islam sivilizasiyasına aidiyyatı haqqında elmi ədəbiyyatda mövcud olan fikirlərin həqiqətə uyğun olmadığını göstərib”.
Hesabata əsasən, türbələrin və xüsusən onların sərdabələrinin plan quruluşu bu türbələrin sinkretik abidələr olduğunu və daha çox tanrıçılıq dini inancının dəfn adətlərinə uyğun gəldiyini söyləməyə imkan verir.
Vurğulanıb ki, İkinci Memorial Kompleksin 1 saylı türbəsinin sərdabəsindən əldə edilmiş toxuculuq məmulatından ibarət olan tapıntılar İlxanilərin əsasən Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri saxladığını söyləməyə imkan verir.