RU

Gələcəyin təhsili: rəqəmsal savadlılıq və süni intellekt

Bakı, 11 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal savadlılığın elmi-nəzəri problemləri araşdırılır.

Bu barədə AZƏRTAC-a institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova məlumat verib.

Tədqiqatçı rəqəmsal savadlılığın müasir informasiya cəmiyyətində rolundan bəhs edərək bildirib ki, vətəndaşların rəqəmsal bacarıqlarla təmin olunması təkcə fərdi inkişaf üçün deyil, həmçinin milli innovasiya ekosisteminin formalaşması, sosial rifahın və iqtisadi dayanıqlığın təmin edilməsi üçün strateji əhəmiyyət daşıyır. Rəqəmsal savadlılıq bilik, bacarıq və münasibətlərin vəhdətini özündə birləşdirən kompleks sosial-texnoloji fenomen kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, həmçinin şəhər və kənd əhalisi arasında rəqəmsal resurslara çıxışda böyük fərqlər mövcuddur. Bu bərabərsizlik sosial ədalət, təhsil imkanları və iqtisadi inteqrasiya baxımından ciddi nəticələr doğurur.

Tədqiqatçı bildirib ki, rəqəmsal savadlılığın artırılması yalnız texnoloji resursların əlçatanlığı ilə deyil, eyni zamanda insan kapitalının inkişafı və təhsil sistemlərinin çevik adaptasiyası ilə mümkündür. O, rəqəmsal bacarıqların tədris proqramlarına inteqrasiyası, müəllimlərin rəqəmsal kompetensiyalarının artırılması və regionlarda rəqəmsal təhsilin inkişafı məsələlərini xüsusi qeyd edib.

R.Mahmudova süni intellektin və avtomatlaşdırılmış sistemlərin artan rolu fonunda süni intellekt savadlılığı anlayışına da diqqət çəkib. O qeyd edib ki, gələcək dövrdə rəqəmsal savadlılıq yalnız texnologiyadan istifadə bacarığı deyil, həm də süni intellektlə əməkdaşlıq etmək, onun nəticələrini tənqidi qiymətləndirmək və etik qərarlar qəbul etmək qabiliyyəti ilə ölçüləcək.

 

Избранный
30
azertag.az

1Источники