Bakı, 11 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
Heydər Əliyev Türk dünyası üçün çox vacib dövlət xadimi və lider idi. Onun Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra dirçəlişində, milli qurtuluşunda və milli dövlət qurulmasında yeri son dərəcə əhəmiyyətlidir. Heydər Əliyev sağ ikən Kipr adasında türklərin mövcudluğuna, xüsusən də Şimali Kipr Türk Cümhuriyyətinə işarə etmişdi. Bu, bizim üçün çox vacibdir.
Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin Milli Birlik Partiyasının (UBP) üzvü Zorlu Töre deyib.
O, fikirlərini belə davam etdirib: “Hazırda Prezident İlham Əliyev, həmçinin Azərbaycan parlamenti bizimlə çox sıx əlaqədədir. Münasibətlərdə bu yaxınlaşmalar Heydər Əliyevin ideyalarının nuru altında baş verib. Azərbaycan Mərkəzi Asiyadakı türk respublikalarına açılan bir qapı, bir pəncərədir. Şimali Kipr olaraq biz Şərqi Aralıq dənizinin ortasında, uzaq cənubda türk varlığının rəmziyik. Azərbaycan, Şimali Kipr və Türkiyə üç dövlət, bir millətdir. Ümid edirəm ki, digər türk respublikaları da qardaşlığımızı nümunə götürəcək və biz daha geniş miqyasda əməkdaşlıq edəcəyik".