RU

Roma dövrünün urbanizasiyası şəhər sakinlərinin sağlamlığını ciddi şəkildə zərər verib

Arxeoloqlar şəhərlərdə xəstəlik, infeksiya və qida çatışmazlığının kəskin olduğunu müəyyən ediblər...

Poliqon xəbər verir ki, Roma imperiyası dövründə baş verən urbanizasiya Britaniyada şəhərlərdə yaşayan insanların sağlamlığına ciddi mənfi təsir göstərib. Bu nəticələr Antiquity jurnalında dərc olunan yeni araşdırmada yer alıb. Tədqiqat cənubi və mərkəzi İngiltərədə tapılmış, Roma işğalından əvvəlki dəmir dövrü ilə Roma dövrünə aid insan skeletlərinin müqayisəli təhlili əsasında aparılıb.

Alimlər ümumilikdə 646 insan qalığını 372 uşağa və 274 yetkin qadına məxsus skeletləri araşdıraraq onların ölüm yaşını, həmçinin müxtəlif xəstəlik, travma və vitamin çatışmazlığı izlərini qiymətləndiriblər. Bu izlər həyatın müxtəlif mərhələlərində infeksiya, stress və ya qidalanma problemləri barədə dolğun məlumat verir. Daha sonra tədqiqatçılar şəhər və kənd yaşayış məntəqələrindən gələn nümunələrin sağlamlıq göstəricilərini statistik olaraq müqayisə ediblər.

Nəticələr göstərib ki, Roma dövründə şəhərlərdə sağlamlıq vəziyyəti kəskin şəkildə pisləşib. Xəstəlik əlamətləri, vitamin çatışmazlıqları və infeksiyalar həm daha geniş yayılmış, həm də əvvəlki dövrlərə nisbətən daha ağır formada müşahidə olunmuşdur. Kənd ərazilərində isə belə dəyişikliklər qeydə alınmayıb: onların sağlamlıq göstəriciləri Roma işğalından əvvəlki dövrə çox bənzəyib.

Tədqiqatçılar sağlamlıqda bu pisləşməni bir neçə amillə əlaqələndirirlər:

şəhərlərin sürətlə böyüməsi və həddindən artıq sıxlıq;

gündəlik həyat şəraitinin pisləşməsi və sanitar problemlər;

çirklənmənin artması və resurslara çıxışın məhdudlaşması;

o dövrdə şəhər infrastrukturunda geniş istifadə olunan qurğuşunun təsirləri.

Araşdırmanın müəllifləri bildirirlər ki, Roma salnaməçiləri işğal etdikləri ərazilərə “sivilizasiya gətirdiklərini” yazsalar da, faktlar urbanizasiyanın xüsusilə analar və körpələr üçün uzunmüddətli, dağıdıcı nəticələr yaratdığını göstərir. Bu mənfi təsirlər nəsildən-nəslə ötürülə biləcək epigenetik izlər də buraxa bilərdi.

Tədqiqat onu da ortaya qoyur ki, Roma işğalının sağlamlığa təsiri bərabər şəkildə yayılmamışdır: mənfi nəticələr ən çox şəhər icmalarını vurub, kənd əhalisi isə daha dayanıqlı sağlamlıq səviyyəsini qoruyub.

Poliqon.info

Избранный
25
poliqon.info

1Источники