RU

"Müstəqil Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib" -MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edir. 1993-cü il Ulu Öndər Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışı sayəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxdı, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanındı, beynəlxalq aləmdə layiqli yer tutdu". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Ümumilli Liderin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri Azərbaycan dövlətçiliyini xilas etməsində idi: "Ulu Öndər bəyan etmişdir ki, məqsədimiz Azərbaycanda hüquqi, demokratik, sivilizasiyalı dövlət qurmaqdır və biz bu yol ilə gedirik. Müstəqil Azərbaycan məhz bu doğru və uğurlu yolla addımladığı üçün beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tuta bildi. Onun uğurlu xarici siyasət strategiyası və fəal diplomatiyası nəticəsində dünya dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların Azərbaycana olan münasibəti dəyişdi.

Xalqımız Heydər Əliyevin Vətəninə sonsuz və təmənnasız sevgisini hər zaman hiss edirdi və bunu yüksək qiymətləndirirdi.

“Mən bütün təxribatların, terrorun qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq,” deyirdi Ulu Öndər. O, bütün ömrünü Azərbaycanın dayanıqlı inkişafına, xalqımızın rifahına, müstəqilliyimizin əbədiliyinə və dönməzliyinə həsr etdi.

Bu gün müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının reallaşmasıdır. Müstəqil Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib.

Ümummilli liderin ən böyük arzusu Azərbaycanı azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş dövlət kimi görmək idi. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət həm Azərbaycanın inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.

Təsadüfi deyil ki, məhz dayanıqlı inkişaf nəticə etibarilə torpaqlarımızın işğaldan azad olunmasını da uğurla təmin etdi. Regionun ən güclü ordusuna çevrilən Azərbaycan Silahlı Qüvvələri Ermənistanın işğal siyasətinə son qoydu, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etdi. 30 illik işğala 44 gündə son qoyuldu. Azərbaycan məhz “Heydər Əliyev ili”ndə - 2023-cü ilin sentyabrında suverenliyini tam bərpa edərək yeni dövrə qədəm qoydu.

2020-ci il 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azad edilməsi bir daha Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun təntənəsi kimi şərəfli tariximizə həkk olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı nailiyyətlər Ümummilli Liderin uzaqgörən siyasətinin uğurlu davamının nəticəsidir. Belə ki, müstəqil bir dövlət regional liderlikdən qlobal geosiyasi aktora çevrilib. Ölkəmiz qlobal səviyyədə etibarlı tərəfdaş, sülhsevər dövlət və inkişaf paradiqmasına malik “orta güc” olaraq özünü təsdiqləyib.

Müəllif: Ziya Hikmətoğlu
Избранный
17
sia.az

1Источники