RU

Dələduzluqda ittiham olunan biznesmen Zamiq Xankişiyevin məhkəməsi başladı

BAKI, 12 dekabr. TELEQRAF

Azərbaycanda dələduzluqda ittiham olunan biznesmen Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənşəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, o, 1992-ci ildə İmişli rayonunda anadan olub, İqtisadi Universitetini bitirib. Fərdi sahibkarlıqla məşğul olur.

Daha sonra hakim ona hüquq və vəzifələrini izah edib. Prsesdə zərərçəkmişlərdən Fərrux Ələkbərov, Pərviz Səlimovun iştirak etdiyi məlum olub.

Zərərçəkmiş Pərviz Səlimov hazırlıq iclasının təxirə salınmasını xahiş edib, deyib ki, hazırda vəkili iclasda iştirak etmir. Eyni zamanda bildirib ki, vəkili ilə hələ müqavilə bağlamayıb.

Dövlət ittihamçısı Tural Yaqubov da işlə tanış olması üçün məhkəmənin hazırlıq iclasının təxirə salınmasını istəyib.

Hakim həm zərərçəkmişin, həm də dövlət ittihamçısının vəsatətini təmin edib və hazırlıq iclasının davamını dekabrın 19-dək təxirə salınması barədə qərar qəbul edib.

Qeyd edək ki, Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur. Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub.

Zamiq Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Qeyd edək ki, təqsirləndirilənZamiq Xankişiyev Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin oğludur. Fəyyaz Xankişiyev keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olub.

F.Xankişiyev 2014-cü ildə elə qrup yoldaşı Z.Məmmədov tərəfindən işdə yol verdiyi ciddi nöqsanlara və quruma vurduğu maddi ziyana görə vəzifəsindən azad edilib.

Hazırda dələduzluqda ittiham olunan oğul Xankişiyev isə bahalı həyat tərzi ilə gündəmdə olub. O, "Bentley" markalı 10-PP-555 nömrə nişanlı və seriya nömrəsinin sonu 400-lə bitən bir neçə lüks avtomobilin sahibidir. Müxtəlif vaxtlarda avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirib.

TəqsirləndirilənZamiq Xankişiyevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Избранный
60
2
teleqraf.com

3Источники