RU

QHT-lərin inkişaf yolu Heydər Əliyev siyasətinə söykənir - AÇIQLAMA

Bu gün Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı böyük dövlət xadiminin əziz xatirəsini dərin ehtiramla yad edir.

Bu fikirləri Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a verdiyi açıqlamada bildirib. Rauf Zeyni qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır. Onun sözlərinə görə, 1993-cü ildə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin ideoloji və institusional əsaslarının qurulması prosesi başlanıb:

“1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbul olunması vətəndaş cəmiyyətinin formalaşması və inkişafı üçün möhkəm hüquqi baza yaratdı. 1999-cu ildə qeyri-hökumət təşkilatlarına yeni imkanların açılması, 2000-ci ildə isə ‘Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında’ qanunun qəbul edilməsi bu sahədə dönüş nöqtəsi oldu. Məhz həmin qanunvericilik bazası nəticəsində bu gün ölkədə 4 minə yaxın QHT qeydiyyatdan keçərək fəaliyyət göstərir. QHT-lərin fəaliyyəti cəmiyyətdə şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirilməsinə, korrupsiyaya qarşı mübarizəyə və dövlət proqramlarının icrasına mühüm töhfələr verib".

Rauf Zeyni vurğulayıb ki, Ümummilli Liderin əsasını qoyduğu siyasi kurs bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Bu siyasətin davamı olaraq QHT-lər üçün yeni və geniş imkanlar yaranıb. Azərbaycan qeyri-hökumət təşkilatları artıq beynəlxalq miqyasda fəaliyyət göstərmək, ölkəmizi təmsil etmək imkanına malikdir. 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaradılması, regionlarda QHT-lərin inkişafı layihələrinin icrası və dövlət- QHT- özəl sektor əməkdaşlığının qurulması vətəndaş cəmiyyətinin bərqərar olmasında mühüm rol oynayıb. Eyni zamanda Ədliyyə Nazirliyi başda olmaqla bir çox dövlət qurumları ilə əməkdaşlıq əlaqələri genişlənib. “İctimai iştirakçılıq haqqında” qanunun qəbul olunması və bu qanun əsasında dövlət qurumlarında ictimai şuraların yaradılması Heydər Əliyev tərəfindən başlanan prosesin məntiqi nəticəsidir. Ulu Öndərin formalaşdırdığı azərbaycançılıq məfkurəsi və diaspor siyasəti dünya azərbaycanlılarının milli birlik və təşkilatlanmasına xidmət edib. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizi təmsil etməsi, diaspor və lobbiçilik fəaliyyətinin həyata keçirilməsi Ulu Öndərin tarixi xidmətlərinin nəticəsidir.”

Sonda Rauf Zeyni vurğulayıb ki, yaradılmış imkanlar və möhkəm əsaslar vətəndaş cəmiyyətinin üzərinə böyük məsuliyyət qoyur:

“Dövlət və özəl sektor inkişaf etdiyi kimi, vətəndaş cəmiyyəti də bu imkanlardan səmərəli istifadə etməli, üzərinə düşən məsuliyyəti layiqincə daşımalıdır.”

 

Pərvanə Fərhadqızı

Избранный
19
1
qht.az

2Источники