RU

Ulu Öndərin dövlətçilik irsi Azərbaycanı dünya siyasətində söz sahibi edən strateji xəttin təməlidir

Bakı, 12 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycanın milli dövlətçilik düşüncəsinin formalaşması və ölkənin bu gün dünya siyasətində söz sahibi olan müstəqil aktora çevrilməsi Ulu Öndər Heydər Əliyevin müdrik siyasi xətti ilə sıx bağlıdır. Onun həyata keçirdiyi milli ideyaya söykənən dövlət quruculuğu modeli təkcə Azərbaycanın inkişafına deyil, həm də Azərbaycan–Türkiyə münasibətlərinin ən yüksək səviyyəyə yüksəlməsinə mühüm töhfə verib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan xalqı tərəfindən “Ulu Öndər” kimi böyük ehtiramla yad edilir və bu, təsadüfi deyil: “Öndər” anlayışı yalnız nüfuz və güc sahibi olmaq deyil, eyni zamanda topluma yol göstərmək, milləti təşkil etmək və onun davranışına istiqamət vermək bacarığını özündə ehtiva edir. Heydər Əliyevin həyat yolunu taclandıran ən böyük dəyər onun ‘Mən fəxr edirəm ki, azərbaycanlıyam’ dediyi xalqının Ona bəslədiyi sonsuz sevgi, inam və etimadıdır.”

TADİV rəhbəri vurğulayıb ki, Heydər Əliyevin sovet dövründə milli maraqlara xidmət edən fəaliyyəti, repressiya və təzyiqlərə baxmayaraq Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, milli şair Bəxtiyar Vahabzadəyə dair atdığı cəsarətli addımlar və ölkənin milli kadrlarını qoruması onun dərin millət sevgisinin nümunəsi idi. Bütün bu addımlar azərbaycanlıların qəlbində var olan sevgini heyranlığa çevirdi.

Aygün Attar qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan həm daxili siyasi böhran, həm də Ermənistanın işğalçı siyasəti fonunda çox ağır bir mərhələdən keçirdi. Bu çətin dövrdə xalqın çağırışı ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəni dağılmaq təhlükəsindən xilas etdi: “Həm Milli Məclisin, həm də milyonlarla vətəndaşın tələbi ilə Heydər Əliyev Azərbaycanı sabitliyə çıxardı, dövlətçiliyi məhv olmaqdan qurtardı. Onun qətiyyəti və dövlətçilik təcrübəsi ölkəni uçurumdan geri döndərdi. Heydər Əliyevin siyasəti Azərbaycanın beynəlxalq aləmdə ədalətli mövqeyinin müdafiəsinə, Ermənistanın işğal siyasətinin ifşa edilməsinə və Azərbaycanın haqq səsinin Qərb mediasında layiqincə təqdim olunmasına şərait yaradıb. Onun qurduğu dövlətçilik modeli bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək müasir, güclü və söz sahibi olan Azərbaycanı formalaşdırıb.”

Professor vurğulayıb ki, Heydər Əliyevin ən böyük mirası “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan–Türkiyə ittifaqının möhkəmləndirilməsi, müasir dövlətçilik ənənələrinin yaradılması və barış, stabil inkişaf prinsiplərinə söykənən milli siyasətin formalaşdırılmasıdır. Bu gün Azərbaycan Heydər Əliyevin əmanətinə göz bəbəyi kimi sahib çıxır: “Ulu Öndər Heydər Əliyevi vətənə və türklüyə verdiyi əvəzolunmaz xidmətlərinə görə dərin hörmət və minnətdarlıqla yad edirik. Allah rəhmət etsin.”

Избранный
27
azertag.az

1Источники