RU

Heydər Əliyevin ən mühüm tarixi addımlarından biri enerji strategiyasının formalaşdırılması olub RƏY

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Ümummilli Lider Heydər Əliyevin ən mühüm tarixi addımlarından biri enerji strategiyasının formalaşdırılması olub.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, Ümummilli Liderin Azərbaycan iqtisadiyyatının inkişafında rolundan danışarkən təkcə tarixi bir şəxsiyyətin fəaliyyəti deyil, müasir dövlətçilik modelinin iqtisadi dayaqları xatırlanır:

"Heydər Əliyevin iqtisadi strategiyası Azərbaycanın müstəqilliyinin real məzmunla doldurulmasına, siyasi suverenliyin iqtisadi suverenliklə möhkəmləndirilməsinə xidmət edən sistemli bir yanaşma olub. 1990-cı illərin əvvəllərində ölkəmiz ağır sosial-iqtisadi böhran, idarəetmə boşluğu, istehsalın kəskin azalması və təhlükəsizlik riskləri ilə üz-üzə idi. 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə iqtisadi sabitliyin bərpası dövlət quruculuğunun əsas prioritetinə çevrildi. İlk növbədə, makroiqtisadi stabillik təmin olundu, qanunvericilik və institusional islahatlara başlanıldı, dövlət idarəetməsi və iqtisadi qərarvermə mexanizmləri yenidən quruldu".

T.Mirkişilinin sözlərinə görə, "Əsrin müqaviləsi" ilə Azərbaycan beynəlxalq enerji bazarına etibarlı tərəfdaş kimi daxil olub və ölkəyə böyük həcmdə sərmayə axını başlayıb:

"Bu, yalnız neft sektorunun inkişafı deyil, bütövlükdə iqtisadiyyatın canlanması, yeni infrastruktur layihələri, məşğulluğun artması və sosial sahənin maliyyə əsaslarının güclənməsi demək idi. Heydər Əliyev enerji resurslarını tək məqsəd kimi deyil, modern iqtisadiyyatın qurulması üçün vasitə kimi görürdü. Onun iqtisadi kursunun başqa bir vacib xətti regionların inkişafı, ölkədaxili inteqrasiyanın möhkəmlənməsi və sosial ədalətin təmin edilməsi idi. Dövlətin iqtisadi rolunun səmərəli qurulması, bazar prinsiplərinə keçidin mərhələli şəkildə həyata keçirilməsi, sahibkarlığın təşviqi və strateji sektorların qorunması balansı Heydər Əliyev məktəbinin əsas xüsusiyyətlərindəndir".

Müsahib hesab edir ki, bu gün Azərbaycan iqtisadiyyatının dayanıqlılığı, enerji və nəqliyyat layihələri üzrə beynəlxalq çəkisi, regional liderlik iddiası və modernləşmə gündəliyi məhz həmin strateji təməllər üzərində yüksəlir:

"Heydər Əliyevin qurduğu iqtisadi idarəetmə fəlsəfəsi uzunmüddətli baxışa, milli maraqların üstünlüyünə və dövlətin inkişaf missiyasına söykənirdi. Nəticə etibarilə, Heydər Əliyevin Azərbaycan iqtisadiyyatına verdiyi ən böyük töhfə təkcə konkret layihələr və müqavilələr deyil, milli inkişaf konsepsiyası, sabitlik və gələcək nəsillər üçün işlək dövlət-iqtisadiyyat modelidir. Bu model bu gün də ölkəmizin tərəqqisinin ideya və strateji istinad nöqtəsi olaraq qalır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
baku.ws

2Источники