RU

Heydər Əliyev irsi Azərbaycan təhsili və aqrar sektorunun yol xəritəsidir – Zəfər Qurbanov

Gəncə, 12 dekabr, AZƏRTAC, Elcan Məmmədov

Ümummilli Liderimiz aqrar sahəyə həmişə xüsusi həssaslıqla yanaşıb. Çünki o, kənd təsərrüfatını Azərbaycanın iqtisadi təhlükəsizliyinin və sosial rifahının əsas dayaqlarından biri kimi görürdü. Ötən əsrin 90-cı illərinin ən ağır dövründə Ulu Öndərin qəbul etdiyi qərarlar – torpaq islahatları, kənd təsərrüfatı istehsalçılarının dövlət dəstəyi ilə təmin edilməsi, fermer təsərrüfatlarının formalaşdırılması, kəndin sosial infrastrukturunun bərpası bu gün aqrar sahənin möhkəm fundamentini təşkil edir. Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan kənd təsərrüfatı yeni innovativ mərhələyə qədəm qoyub.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov deyib. O bildirib ki, ADAU hər zaman Heydər Əliyevin xüsusi diqqət və qayğı göstərdiyi ali təhsil müəssisələrindən biri olub. Ulu Öndər ali təhsilin, xüsusilə də aqrar sahə üzrə kadr hazırlığının dövlət quruculuğu üçün strateji əhəmiyyətini çox yaxşı dərk edirdi. Onun təşəbbüsü ilə kənd təsərrüfatı mütəxəssislərinin hazırlığı gücləndirilib, universitetin maddi-texniki bazasının yenilənməsi üçün mühüm addımlar atılıb. Bu gün ADAU-nun innovasiyayönümlü inkişaf strategiyası, beynəlxalq əməkdaşlıq imkanları, yeni tədris standartları da məhz Heydər Əliyevin müəyyən etdiyi kursun məntiqi davamıdır.

“Biz Aqrar Universiteti olaraq Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına sadiqliyi yalnız sözlə deyil, fəaliyyətimizlə sübut edirik. Kadr hazırlığında keyfiyyətin artırılması, rəqəmsal və innovativ aqrar modelin formalaşdırılması, tələbəyönümlü təhsilin tətbiqi, startap və elmi tədqiqatların dəstəklənməsi, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı araşdırmaların genişləndirilməsi Ulu Öndərin inkişaf strategiyasının müasir dövrdə tətbiqidir. Heydər Əliyevin irsi Azərbaycan təhsili və aqrar sektorunun yol xəritəsidir. Eyni zamanda, universitetdə Heydər Əliyev irsinin öyrənilməsi üçün xüsusi tədbirlər, layihələr, elmi konfranslar və maarifləndirici proqramlar davamlı şəkildə həyata keçirilir”, - deyə rektor bildirib.

Избранный
26
azertag.az

1Источники