ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesində ekspert rəyi mübahisə doğurub.
Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda AMEA-nın Dilçilik İnstitutunun mütəxəssisinin təqdim etdiyi rəy tərəflər arasında narazılığa səbəb olub. Ekspert bildirib ki, videodakı sözlər kəskin neqativ qiymətləndirilsə də, təhqir deyil, tənqid kimi dəyərləndirilməlidir:
“Orada səslənən ifadələr ümumişlək sözlər səciyyəlidir, lüğətimizdə var və təhqir yoxdur”. Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov təqdim edilən rəyə etiraz edib. Vəkil bildirib ki, keçən dəfə də rəyə etiraz ediblər, amma bu dəfə rəy həm də yazılı formada məhkəməyə təqdim edilib: “Həmçinin ötən dəfə səsləndirilən rəylə indiki rəy arasında ziddiyyət var”.
Eyni zamanda, vəkil rəyin qərəzli olduğu məhkəməyə bildirib:
“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırkı direktoru 2021-ci ildə təyin olunub. Həmin dövr ərzində AMEA-nın prezidenti, Dilçilik İnstitutunun direktoru və təqsirləndirilən şəxs arasında “Bermud üçbucağı” kimi əlaqəsi olub. Düşünürəm ki, rəy qərəzlidir. Həmin rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm.
Yazılı şəkildə etirazı bildirmək üçün məhkəmədən vaxt istəyirəm”. Təqsirləndirilən İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli buna etiraz edib və bu etirazın prosesin uzadılmasına söykəndiyini məhkəməyə bildirib. Hakim etirazın tərəfin hüququ olduğunu bildirib və iddiaçı tərəfə etirazın verilməsi üçün vaxt verilməsi barədə qərar qəbul edilib. Proses 15 dekabrda davam etdiriləcək.
Xatırladaq ki, sözügedən dövrdə AMEA-nın prezidenti Ramiz Mehdiyev olub. Ramiz Mehdiyev hazırda xüsusilə ağır cinayət əməllərinə görə, 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İsfəndiyar Axundov müsahibələrindən birində Emil Səməndərovu dələduz kimi təqdim edib.
Göründüyü kimi, Emil Səməndərovun vəkili Asim Abbasov məhkəmədə İsfəndiyar Axundovun adını Ramiz Mehdiyevlə əlaqələndirib. Məsələ ilə bağlı Şərurlu İsfəndiyar “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, kimin kimdən xoşu gəlmirsə, onun haqqında nəsə deməyə başlayır: “Hamı hamı haqqında danışır, kimin kimdən xoşu gəlmirsə, onsuz da elə deyir də. Nə olsun ki? Dövlət bilir, qayda da var, qanun da. Kim olur-olsun, hər kəs öz məsuliyyətini daşıyacaq.
Hərəyə öz gördüyü işə, əmələ görə iş veriləcək. Mən indi durub deyim ki, elə deyil, belədir? Onsuz da hamı hər şey danışır. Hər deyilənə də çox fikir vermək lazım deyil”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.