RU

“Azərbaycan dilinin təbliği və ictimai müzakirələri açmaqla ədəbi dilin düzgün tətbiqinə ictimai nəzarət güclənməlidir” - Sevda Tahirli

"Azərbaycan dilinin qorunması və inkişafı həm dövlət, həm də cəmiyyət üçün strateji əhəmiyyət daşıyır. Ana dilmizin saflığının qorunması, təbliği,  ona olan sevginin artırılması, zənginləşdirilməsi cəmiyyətin hər bir üzvünün ən müqəddəs borcudur. Lakin Azərbaycan ədəbi dilindən istifadə qaydaları cəmiyyətin ictimai baxımdan əhəmiyyətli olan böyük bir seqmentində mütəmadi olaraq pozulur. Bu zərurətdən irəli gələrək Mirzə Ələkbər Sabir Fondu mütəmadi olaraq bu istiqamətdə layihələr icra edir. Çünki bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. ".

Bu fikirləri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli QHT.az-a verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Fond prezidenti vurğulayıb ki, bu baxımdan mediada dövlət dilinin təbliğinin gücləndirilməsi, televiziya və radio proqramlarında, çap və onlayn mediada Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə media sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsi hər zaman aktualdır:

"Bunun üçün  mediada, sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin təşkil edilməsi önəmlidir. Mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması üçün mütəmadi olaraq bu sahədə çalışanlara maariflənmə işi aparılmalıdır. Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, KİV-də Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakı təmin edilməlidir. KİV-də Azərbaycan ədəbi dili təbliğ edilməlidir. Gənc jurnalistlərə Azərbaycan dilinin tədrisi genişləndirilməlidir. Redaksiyalarda ədəbi dilin normalarının qorunması üçün nəzarət gücləndirilməlidir".

Sevda Tahirli sosial şəbəkələrin roluna da diqqət çəkib:

"Sosial şəbəklərdə ictimai şəxslərin, blogerlər və kontent yaradıcıları üçün düzgün dil istifadəsinə dair maarifləndirmə kampaniyalarının aparılmasının önəmi böyükdür. Həmçinin, sosial şəbəkə platformalarında Azərbaycan dilində düzgün yazılışın avtomatik yoxlanılması üçün alətlər təkmilləşdirilməldir.

Məktəblərdə isə Azərbaycan dili və ədəbiyyatı fənlərinin məzmunu müasir tələblərə uyğun yenilənməlidir. Müəllimlərin peşəkarlığının artırılması, dilçilik və tətbiqi dilçiliyə dair müasir metodları tədrisə daxil edilməlidir. Tələffüz, orfoqrafiya və nitq mədəniyyəti üzrə praktiki məşğələləri artırılmalıdır. Şagirdlər arasında nitq mədəniyyəti yarışları, debatlar, yazı müsabiqələri təşkil olunmalıdır".

Sonda Sevda Tahirli bildirib ki, Azərbaycan dilinin təbliği və bu mövzuda ictimai müzakirələrin açılması ədəbi dilin düzgün tətbiqinə ictimai nəzarəti gücləndirəcək:

"Aidiyyəti qurumlar mediada və sosial şəbəkələrdə ədəbi dillə bağlı pozuntulara yol verən subyektlərə qarşı daha ciddi tədbirlərin görülməsinə sövq edililməlidir."

 

 

Pərvanə Fərhadqızı

Избранный
2
qht.az

1Источники