Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov QHT.az-a verdiyi açıqlamada Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin inkişafında və vətəndaş cəmiyyətinin formalaşmasında əvəzedilməz xidmətlərindən bəhs edib.
Elman Əhmədovun sözlərinə görə, Heydər Əliyev dünya siyasət tarixində güclü və uzaqgörən şəxsiyyətlərdən biri kimi xalqımızın inkişafı və Azərbaycanın tərəqqisi naminə mühüm tarixi addımlar atıb. O vurğulayıb ki, bu xidmətlər vətəndaş cəmiyyətinin inkişafında da açıq şəkildə özünü göstərir:
"Belə ki, müstəqilliyimizin ilk illərində yaranmış müxtəlif səpkili ictimai təşkilatlar pərakəndə şəkildə fəaliyyət göstərirdisə, sonralar Ulu Öndərin siyasi iradəsi və təşəbbüsü nəticəsində vahid təşkilati platforma — QHT-lərin Forumu çərçivəsində fəaliyyət göstərməyə başlamışdır. QHT-lər cəmiyyətin bütün təbəqələrini əhatə etməklə yanaşı, dövlətçiliyin inkişafına da töhfə verməli idi. Mənə elə gəlir ki, QHT sektoru bu vəzifənin öhdəsindən layiqincə gəldi və bu proses bu gün də uğurla davam edir.
QHT sədri qeyd edib ki, təkcə Qarabağda ekologiyamıza qarşı törədilən vandalizmə qarşı QHT-lərin ucaltdığı etiraz səsini və bunun nəticələrini, eləcə də Azərbaycanın qlobal beynəlxalq tədbir olan COP29-a ev sahibliyi etdiyi dövrdə QHT-lərin fəal iştirakını xatırlasaq, deyilənlər tam aydın olar:
"Mənə elə gəlir ki, QHT sektoru Heydər Əliyevin qoyduğu bu irsi dövlətçiliyimizin və cəmiyyətimizin inkişafı naminə qoruyub saxlamalı və daha da irəli aparmalıdır."