“Azərbaycan Rusiya-Ukrayna müharibəsinə və onların aralarında olan məsələlərin heç birinə qarışmır”.
Bu barədə Hurriyyet.az-a politoloq Fuad Heydər Ukrayna PUA-larının Xəzər dənizində Rusiya neft platformasına zərbə endirməsi ilə bağlı danışarkən deyib.
“Amma lazımi təqdirdə, yəni bizə bir zərər olarsa, xəbərdarlıq funksiyasına malikdir. Bu hadisə hazırda Azərbaycan üçün heç bir təhlükə deyil. Ukrayna PUA-ları tərəfindən Rusiyanın neft platforması vurulursa, bu, Xəzərin Rusiya sularında nəzərdə tutulmuş ərazidir”,-deyə politoloq əlavə edib.
F.Heydərin sözlərinə görə, təsadüfən və ya səhvən Azərbaycan tərəfinin də neft platforması vurula bilər və bu, Azərbaycan üçün narahatçılıq yarada bilər: “Düşünürəm ki, bununla bağlı Ukraynaya bildiriləcək ki, Xəzər dənizi üzərində neft platformalarına hücum başqa istiqamətlərə çevrilir. Bu halda, Azərbaycanın ixtiyarı çatır ki, Ukraynaya nota versin”.
Qeyd edək ki, Ukrayna Xəzər dənizində Rusiyanın “Lukoyl-Nijnevoljskneft” şirkətinə məxsus Filanovski adına neft hasilatı platformasına PUA-larla zərbə endirib. Məlumata görə, bu, Ukraynanın Xəzər dənizində Rusiyanın neft platformasına ilk zərbəsidir.
Bildirilir ki, hücum nəticəsində xidmət göstərən 20-dən çox quyudan neft və qaz hasilatı dayandırılıb.
CAVİD