RU

Slovakiya Azərbaycan şirkətləri üçün “Avropaya rahat və etibarlı qapı” ola bilər – keçmiş nazir müavini

Bakı, 12 dekabr, Tamilla Məmmədova, AZƏRTAC

Dekabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya rəsmi səfər etdi. Bu, iki ölkə arasında diplomatik münasibətlər tarixində Azərbaycan dövlət başçısının ilk yüksəksəviyyəli səfəri idi. Səfər çərçivəsində Azərbaycan Prezidenti bir sıra görüşlər keçirdi, o cümlədən Slovakiya Prezidenti Peter Pelleqrini ilə geniş danışıqlar apardı, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə edildi. Əsas mövzular enerji təhlükəsizliyi və Slovakiyaya enerji təchizatının şaxələndirilməsi, strateji tərəfdaşlığın gücləndirilməsi, iqtisadi əməkdaşlığın inkişafı, eləcə də müdafiə, texnoloji və mədəniyyət sahələrində əməkdaşlıq idi. Prezident Pelleqrini münasibətlərin dostluq xarakterini və Qarabağda “ağıllı şəhərlər” kimi böyük infrastruktur layihələrinin həyata keçirilməsi də daxil olmaqla, əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını vurğuladı. Danışıqların nəticələrinə görə, liderlər birgə bəyanatlarla çıxış etdilər və gələcəkdə qarşılıqlı səfərlər də daxil olmaqla, yüksəksəviyyəli dialoqu davam etdirmək barədə razılığa gəldilər.

Slovakiya Respublikası Parlamentinin keçmiş sədr müavini və xarici və Avropa işləri üzrə keçmiş nazir müavini, SCIO agentliyinin (ictimai siyasət, beynəlxalq münasibətlər və kommunikasiyalar sahəsində ekspert icmaları, strateji təhlillər və məsləhətlərin verilməsində ixtisaslaşan analitik və konsaltinq agentliyi) təsisçisi və baş analitiki Martin Klus AZƏRTAC-ın suallarını cavablandırır.

- Prezidentin son səfərini və dövlət başçıları arasında keçirilən görüşü nəzərə alaraq, sizcə, Azərbaycan–Slovakiya strateji tərəfdaşlığının inkişafı üçün hazırkı təkanın əhəmiyyəti nədən ibarətdir? Bu tərəfdaşlığın genişləndirilməsinə hansı sahələr imkan yaradır?

- Son səfər və prezidentlər arasında danışıqlarla bağlı ən azı üç vacib məqamı qeyd etmək lazımdır. İlk öncə, bu, Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri idi. İkincisi, bu yüksəksəviyyəli səfər son illərdə qarşılıqlı əlaqələrin və əməkdaşlığın əhəmiyyətli dərəcədə gücləndiyini vurğuladı. Üçüncüsü, o, gündəliyə daha ciddi və əhatəli mövzuları - ilk növbədə, getdikcə daha aktuallaşan enerji sektorunda əməkdaşlıq mövzusunu gətirdi.

-Slovakiya Aİ ilə Azərbaycan arasında münasibətlərin növbəti 5-10 il ərzində inkişafını necə görür?

- Səfər zamanı müzakirə edilən yeni əməkdaşlıq sahələri, onları əsas enerji layihələrindən daha tez başlamaq olar, məsələn, müdafiə, mədəniyyət, B2B və P2P əməkdaşlığı qarşılıqlı faydalı əlaqələrin sürətlə genişlənməsinə ümid etməyə imkan verir. Üstəlik, söhbət təkcə Slovakiya və Azərbaycandan deyil, həm də Slovakiyanın iki tərəf arasında effektiv “körpü” rolunu oynamağa qadir olduğu bütövlükdə Aİ-dən gedir.

-Çoxları hərbi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsindən danışır. Sizin fikrinizcə, təhlükəsizlik və müdafiə sahəsində bu potensial nə dərəcədə realdır və hansı konkret formatlara tələbat ola bilər?

- Bölgəmizdəki təhlükəsizlik sahəsində kritik vəziyyət şəraitində, Slovakiya son illərdə çox effektiv hərbi imkanlar inkişaf etdirən Azərbaycanın təcrübəsindən öyrənməklə yanaşı, hazırda Avropada tamamilə yeni əhəmiyyət kəsb edən xüsusi istehsal sahəsində perspektivli layihələrdə birgə iştirak etməkdə də son dərəcə maraqlıdır. Bu kontekstdə Slovakiya Azərbaycan şirkətləri üçün rahat və etibarlı “Avropaya açılan qapı” ola bilər.

- Slovakiyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrdə iştirakını nəzərə alsaq, bu əməkdaşlıq Slovakiya üçün hansı iqtisadi və infrastruktur imkanlarını açır və iki ölkənin xarici siyasətinin yaxınlaşmasına necə təsir göstərə bilər?

- Məndə olan məlumata görə, Slovakiya şirkətləri artıq orada “ağıllı şəhərlər” layihəsini həyata keçirirlər və əminəm ki, digər şirkətlərin iştirak potensialı əhəmiyyətli dərəcədə daha genişdir. Məsələn, mən şəxsən EUCOS SK şirkəti ilə əməkdaşlıq edirəm və bu şirkət müasir sənaye obyektlərinin tikintisindən tutmuş nüvə və su elektrik stansiyalarında yeni həllərin tətbiqinə qədər oxşar layihələrdə iştirak etməyə böyük maraq göstərir.

-Azərbaycanın ambisiyalarını və Slovakiyanın Avropada artan rolunu nəzərə alaraq, davamlı və uzunmüddətli münasibətləri inkişaf etdirmək üçün iki ölkənin iqtisadiyyat, təhsil, ekologiya və yaşıl enerji sahələrində hansı birgə təşəbbüsləri inkişaf etdirməsini tövsiyə edərdiniz?

- Təhsil və bizneslə əlaqəli insan kimi, mən mütləq mümkün qədər tez bir zamanda birgə təhsil, tədqiqat, elmi və investisiya təşəbbüslərinə başlamağı tövsiyə edərdim. Əminəm ki, bu, hər iki ölkə üçün dərhal qarşılıqlı faydalı bir vəziyyət olacaq.

Azərbaycan və Slovakiyanın konstruktiv və qarşılıqlı faydalı tərəfdaşlığı qurmasına kömək üçün növbəti 3-5 il üçün hansı yol xəritəsini təklif edərdiniz?

- Əminəm ki, birgə təqaüd və elmi-tədqiqat layihələrinə genişmiqyaslı dövlət investisiyaları və aktiv marketinq dəstəyi, eləcə də əməkdaşlığın müxtəlif sahələrinə həsr olunmuş və hər iki ölkənin hökumətləri tərəfindən dəstəklənən müntəzəm biznes missiyaları belə bir yol xəritəsi üçün əla başlanğıc nöqtəsi ola bilər.

Избранный
66
azertag.az

1Источники