Avropada H3N2 virusunun yeni mutasiyası ilə əlaqələndirilən "super qrip" halları artıb. Hətta bu səbəbdən İngiltərədə bir çox məktəblər bağlanılıb, İspaniyada isə maska və qrip dərmanlarına tələbat artıb. Bəs bu virusun Azərbaycanda da yayılma ehtimalı var? İnfeksionist həkim Mərdan Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, qripin A və B tipləri olur, H3N2 ştammı isə A qripinin bir növüdür: "B tipi daha yüngül gedişlidir, A tipi isə daha ağır formadır və ən çox rast gəlinən də A tipli qrupdur. Hazırda Avropada xəstəlik hallarının böyük əksəriyyətini bu virus təşkil edir. Avropada yayılıbsa, bizə gəlmə ehtimalı da var, çünki Avropadan Türkiyəyə, Türkiyədən isə bizə keçə bilər və ya birbaşa Avropadan ölkəmizə yayıla bilər".Həkimin sözlərinə görə, bu virus daha sürətli yoluxa bilir və immun sistemi zəif olanlarda, eləcə də yaşlılarda daha ağır gedişə səbəb ola bilər:"Ümumiyyətlə, qripə bənzər xəstəliklərin və kəskin respirator virus infeksiyalarının qarşısını almaq üçün ilk növbədə maskadan istifadə etmək lazımdır. Xüsusən də ictimai yerlərə gedərkən maska taxmaq vacibdir. Virus kontakt yolu ilə də yayıldığı üçün əllərin yuyulması və dezinfeksiya edilməsi, yəni əl gigiyenası çox önəmlidir. Hal-hazırda bu virus ölkəmizdə yoxdur, amma payız–qış mövsümündə tənəffüs yolu infeksiyalarının sayı təbii olaraq artır". M. Əliyev qeyd edib ki, bu tip xəstəliklərdə sadə qaydalara əməl etmək vacibdir:"Xəstə uşaqları valideynlər bağçalara, məktəblərə buraxmasınlar. Xəstə şəxs işə getməsin. Bir neçə gün istirahət eləmək lazımdır xəstələnən zaman, çünki əgər istirahət eləmiriksə, işləyiriksə, bu xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilir. Bol maye qəbul eləmək lazımdır. Qızdırma yüksək olanda qızdırmasalıcı vasitələrdən istifadə edilməlidir. Yüngül qidalanma rejiminə keçmək və meyvə-tərəvəzlə bol vitaminli qida qəbul etmək tövsiyə olunur".Mütəxəssis əlavə edib ki, qripə qarşı peyvənd də mövcuddur və bu peyvənd qripdən qorunmağa kömək edir. Xüsusilə risk qrupuna daxil olan şəxslərə – yaşlılara, xroniki xəstəliyi olanlara və immun sistemi zəif olanlara qrip peyvəndi tövsiyə olunur.Sevinc İbrahimzadə / Metbuat.az