RU

Xalqımıza misilsiz xidmət nümunəsi

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin inkişafındakı çoxşaxəli faəliyyəti, misilsiz xidmətləri və strateji qərarları sayəsində XX əsr bəşəriyyət tarixində böyük dövlət xadimləri arasında layiqli yer tutur. Heydər Əliyevin dövlətçilik məfkurəsi yalnız siyasi idarəetmənin təkmilləşdirilməsi ilə məhdudlaşmır. Onun dövlətçiliyimizin inkişafı prinsipləri müasir Azərbaycan cəmiyyətinin də formalaşmasına ciddi töhfə vermişdir. 

Azərbaycanın müstəqillik dövründə formalaşan siyasi idarəetmə və inkişaf modeli 1990-cı illərin mürəkkəb geosiyasi mühitində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın nəticəsidir. Bu strategiyanın əsas elementlərini qısa formada aşağıdakı kimi ümumiləşdirmək olar:

Dövlət idarəçiliyində institusional sabitliyin təmin edilməsi;

Cəmiyyətin milli birliyinin və sosial konsolidasiyanın möhkəmləndirilməsi;

İqtisadiyyatın diversifikasiyası və investisiya mühitinin yaxşılaşdırılması;

Milli maraqlara əsaslanan xarici siyasət kursunun və çevik diplomatiyanın formalaşdırılması.

Heydər Əliyevin milli maraqlara əsaslanan, çoxvektorlu xarici siyasət kursu müasir Azərbaycanın regional və qlobal miqyasda mövqelərinin möhkəmlənməsinə bu gün də töhfə verməkdədir. Ümummilli Liderin düşünülmüş çoxşaxəli diplomatik fəaliyyəti gənc müstəqil dövlətimizin beynəlxalq birliyə inteqrasiya imkanlarını genişləndirmişdir. Heydər Əliyevin formalaşdırdığı xarici siyasət kursunun mahiyyəti əsasən aşağıdakı əsas istiqamətlərdə özünü göstərirdi:

- Dövlət müstəqilliyinin qorunması və suverenliyimizin təmin edilməsi: Heydər Əliyevin xarici siyasətinin başlıca məqsədi beynəlxalq təzyiqlər və regional risklər fonunda Azərbaycanın müstəqilliyini gücləndirmək, onun suveren qərarvermə imkanlarını təmin etmək idi.

- Ermənistan-Azərbaycan münaqişəsinin həllində prinsipial mövqe və beynəlxalq müstəvidə fəaliyyət: Xarici siyasətin prioritet istiqaməti Ermənistanın təcavüzü və işğalı nəticəsində yaranmış dövlətlərarası münaqişənin beynəlxalq hüququn prinsipləri, BMT TŞ-nin 1993-cü il Qətnamələri əsasında həllinə nail olmaq, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi və bu məsələlərdə dövlətimizin haqlı mövqeyinə dünya ictimaiyyətinin dəstəyini təmin etmək idi.

- Milli maraqlara əsaslanan, balanslaşdırılmış çoxvektorlu diplomatiya: Azərbaycanın eyni vaxtda müxtəlif güc mərkəzləri - qonşu dövlətlər, Qərb ölkələri, regional təşkilatlar və qlobal aktorlarla balanslaşdırılmış münasibət qurması əsas prioritetlərdən birini təşkil edirdi. Bu yanaşma ölkəni geosiyasi rəqabətin obyektinə deyil, subyektinə çevirdi.

- Enerji resurslarının istehsalı və nəqlinin xarici siyasət alətinə çevrilməsi: Xəzər enerji resurslarının beynəlxalq bazarlara çıxarılması Azərbaycanın iqtisadi inkişafını təmin etməklə yanaşı, ölkənin strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirdi və onu regional enerji təhlükəsizliyinin əsas iştirakçısına çevirdi. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın davamlı iqtisadi yüksəlişində və beynəlxalq nüfuzunun artmasında müstəsna rol oynamaqdadır.

- Regional və qlobal əməkdaşlığın genişləndirilməsi: Xəzər regionunda və daha geniş coğrafiyada əməkdaşlıq platformalarının yaradılması, beynəlxalq təşkilatlarda fəallığın artırılması Heydər Əliyevin siyasətinin mühüm komponentləri sırasında idi.

1997-2025-ci illər ərzində Azərbaycan Respublikası 25 dövlətlə strateji tərəfdaşlıq haqqında sənəd imzalamışdır. Bu dövlətlərin 10-u Avropa İttifaqının üzvü olan dövlətlərdir. Torpaqlarımız işğal altında olan zaman strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında əsas məsələ Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında həllinə birmənalı dəstəyin təmin edilməsi idi. Bu prinsipial və güzəştə gedilməsi heç bir halda mümkün olmayan mövqeyi Ümummilli Lider Heydər Əliyev müəyyənləşdirmişdi. Prezident İlham Əliyev də məhz bu prinsipiallığın və ardıcıl xarici siyasət kursunun təmin edilməsini Azərbaycan diplomatiyasının qarşısında hədəf kimi qoymuşdu.

Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlər Heydər Əliyevin müəyyən etdiyi inkişaf xəttinin ardıcıl davam etdirilməsinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan genişmiqyaslı layihələr və siyasi-iqtisadi transformasiyalar Ulu Öndərin strateji vizyonunun aktuallığını və davamlılığını təsdiqləyir.

Rizvan NƏBİYEV, 

Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Избранный
25
azerbaijan-news.az

1Источники