RU

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

Ümummilli Lider, müasir Azərbaycanın memarı və qurucusu  Heydər Əliyevin anım günü Goranboyda da ümumxalq tədbiri kimi qeyd edilmişdir.

Mərasim iştirakçıları öncə Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra Ulu Öndərin adını daşıyan mərkəzi ziyarət edərək onun ömür yoluna və çoxşaxəli fəaliyyətinə həsr olunmuş videoçarxa baxmışlar. 

Anım mərasimində çıxış edən rayon  icra hakimiyyətinin başçısı  Məhərrəm Quliyev diqqətə çatdırmışdır ki,  müasir Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə bağlıdır: "Heydər Əliyev - Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi dövlət idarəçiliyi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının və milli özünüdərkin banisidir. O, Azərbaycan xalqının müasir dövlətçilik tarixində  böyük  yeniliklərə  imza atmış,   öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında intibaha nail olmuşdur. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir".

Tədbirdə o da vurğulanmışdır ki, Ümummilli Liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu 30 illik işğala son qoydu: "Düşmənin illərlə yaratdığı "məğlubedilməz ordu" mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında darmadağın edildi, Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Bu gün Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti ilə  Azərbaycan nəinki regionun ən böyük güc mərkəzinə çevrilmiş, həm də həyata keçirilən uğurlu iqtisadi və geosiyasi layihələr nəticəsində Avropanın təhlükəsiz enerji təminatçısı kimi özünü təsdiq etmişdir".

S.YUNİSOĞLU,

 "Azərbaycan"

Избранный
71
azerbaijan-news.az

1Источники