Danışıqlarda Fransa, Britaniya və Almaniyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir...
ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner bu həftəsonu Berlində Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ilə görüşəcək.
Poliqon xəbər verir ki, bu barədə məlumatı Reuters Agentliyinə məsələ ilə tanış olan yüksəkvəzifəli amerikalı rəsmi təsdiqləyib.
Mənbənin sözlərinə görə, bazar və bazar ertəsi günləri Stiv Uitkoff Fransa, Böyük Britaniya və Almaniyadan olan həmkarları ilə ayrıca görüşlər də keçirəcək. Görüşlərin əsas mövzularının Ukraynadakı münaqişənin nizamlanması perspektivləri, təhlükəsizlik zəmanətləri, eləcə də ABŞ və Avropa arasında koordinasiyanın gücləndirilməsi olacağı bildirilir.
Almaniya hökumətinin nümayəndəsi isə France Presse Agentliyinə açıqlamasında bildirib ki, Berlin bazar ertəsi günü Avropa İttifaqı və NATO rəhbərləri də daxil olmaqla bir sıra yüksək səviyyəli liderləri qəbul edəcək. Bu görüşlər Zelenskinin Almaniya kansleri Fridrix Merts ilə birlikdə Almaniya–Ukrayna biznes-forumunda iştirakından bir neçə saat sonra baş tutacaq.
Məlumata görə, biznes-forumda Ukraynanın bərpası, investisiya imkanları və müharibədən sonrakı iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək. Ardınca keçiriləcək siyasi görüşlərin isə Qərbin Ukraynaya dəstəyi, sülh təşəbbüsləri və təhlükəsizlik arxitekturasının gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır.
Poliqon.info