Budapeşt, 13 dekabr, AZƏRTAC
Son sosial araşdırmalar göstərir ki, "Vışeqrad dördlüyünə" (V4) daxil olan ölkələrdə yaşayan hər iki nəfərdən biri gündəlik həyatında streslə üzləşir.
AZƏRTAC xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun əsas səbəbləri sürətli həyat tempi, iş yerində gərginlik, eləcə də ailə və şəxsi münasibətlərdə yaşanan problemlərdir. Tədqiqat, həmçinin üzə çıxarıb ki, təxminən hər üçüncü respondent maliyyə çətinlikləri, borclar və gündəlik xərclərlə bağlı daimi narahatlıq keçirir. Sorğuda 18–69 yaşarası internet istifadəçilərinin 49 faizi stresin fiziki və psixoloji sağlamlığa mənfi təsirindən şikayət edib. Respondentlər arasında vaxt çatışmazlığı, iş təzyiqi və maliyyə qeyri-sabitliyi əsas stres mənbələri kimi göstərilib. Araşdırma əhalinin rifahında maliyyə sabitliyi və vaxtın düzgün idarə olunmasının mühüm rol oynadığını vurğulayır. "Vışeqrad dördlüyünə" Macarıstan, Çexiya, Slovakiya və Polşa daxildir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt