RU

Qaranlıq yollar, görünməyən məsuliyyət – İnsan həyatı bu qədər ucuzdur?

Azərbaycanda yolların və küçələrin gecə saatlarında qaranlığa qərq olması artıq təsadüfi problem yox, sistemli hal alıb.

Sosial şəbəkələrdə, mediada, sürücülər və piyadalar arasında demək olar ki, hər gün eyni şikayətlər səslənir: işıq dirəkləri var, amma lampalar yanmır; yeni salınmış yollar gecə tamamilə qaranlıq qalır; qəza baş verir, günah sürücünün üzərinə atılır, amma şərait heç vaxt müzakirə olunmur.

Bu vəziyyət istər-istəməz sual doğurur: məqsəd nədir, səbəb haradadır və bu qaranlıqdan kim qazanc götürür?

Məsələnin ən təhlükəli tərəfi insan həyatıdır. Statistikaya baxdıqda, yol-nəqliyyat hadisələrinin çox hissəsinin axşam və gecə saatlarında baş verdiyi görünür.

İşıqlandırılmayan yollar sürücünün reaksiya müddətini azaldır, piyadaları görünməz edir, sürət və məsafə qiymətləndirməsini çətinləşdirir.

Qaranlıq yol obyektiv risk yaradır, amma bu risk adətən heç kimin məsuliyyət zonası kimi tanınmır. Hadisə baş verdikdə günahkar tapılır, amma səbəb yox.

 

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan şəhər infrastrukturu üzrə ekspert, nəqliyyat məsələləri üzrə mütəxəssis Kərim Əliyevin fikrincə, problem texniki yox, idarəetmə xarakterlidir.

O deyir ki, Azərbaycanda yol işıqlandırması təhlükəsizlik elementi yox, bəzək detalı kimi qəbul olunur:

“Dirək qoyulur, lent kəsilir, amma sistemli istismar düşünülmür. Lampanın yanmaması texniki nasazlıq deyil, məsuliyyətsizlikdir. Normal ölkələrdə yol işığı yol nişanı qədər vacib hesab olunur. Bizdə isə qəza baş verəndən sonra xatırlanır”.

Ekspertin sözlərinə görə, bir çox hallarda işıqlar qənaət məqsədilə bilərəkdən söndürülür:

“Bu qaranlıqdan birbaşa maliyyə qazancı götürən tərəf görünmür, amma dolayı qazanc mexanizmləri var. Enerji və xidmət xərclərinə qənaət edilir, məsul qurumlar büdcə yükünü azaldır, amma bunun sosial dəyəri ölçülmür.

Digər tərəfdən, yol-nəqliyyat hadisələri artdıqca sığorta ödənişləri, cərimələr, məhkəmə prosesləri çoxalır.

Bu sistemdə itirən sıravi vətəndaşdır, qazanan isə məsuliyyətsiz strukturun özü.

Ən problemli məqamlardan biri də odur ki, qaranlıq yol Azərbaycanda hələ də hüquqi pozuntu kimi qəbul edilmir.

Yolun işıqlandırılmaması inzibati məsuliyyət doğurmur, konkret cavabdeh müəyyən edilmir. Sürücü qaranlıqda qəza törədirsə, şərait yüngülləşdirici hal kimi nadir hallarda nəzərə alınır. Bu isə dövlətin vətəndaşa verdiyi mesajı aydın göstərir: təhlükəsizlik ikinci plandadır”.

Kərim Əliyev hesab edir ki, vəziyyəti dəyişmək üçün radikal yanaşma lazımdır:

“Əgər yol işıqlandırılması təhlükəsizlik infrastrukturu kimi tanınsa, onun söndürülməsi cinayətə yaxın məsuliyyət yaratmalıdır. Konkret cavabdeh, konkret sanksiya olmalıdır. Əks halda, bu problem hər il eyni formada qayıdacaq”.

Onun fikrincə, texnologiya bəhanə deyil, çünki müasir LED sistemlər enerji baxımından minimal xərclə maksimum işıq təmin edir:

“Qaranlıq yolların yaratdığı əsas psixoloji nəticə də təhlükəsizlik hissinin itirilməsidir. İnsan gecə evdən çıxanda özünü risk altında hiss edirsə, bu artıq təkcə yol problemi yox, sosial mühit problemidir.

“Niyə işıqlar yanmır?” sualına cavab tapılmadıqca, “kim cavabdehdir?” sualı da havada qalacaq.

Ümumiləşdirsək, küçə və yolların qaranlıq qalması nə təsadüfdür, nə də sırf texniki məsələ. Bu, idarəetmə boşluğu, məsuliyyətsizlik və təhlükəsizliyə ikinci dərəcəli yanaşmanın nəticəsidir. İşıq dirəkləri varsa, amma yanmırsa, problem lampada yox, sistemdədir. Bu sistem dəyişmədikcə, qaranlıq yalnız yollarda yox, qərarların içində də qalacaq”.

Избранный
70
nocomment.az

1Источники