RU

Rumıniyada ədliyyə sistemindəki korrupsiyaya qarşı nümayişlər keçirilir

Rumıniyanın ədliyyə sistemindəki korrupsiyaya qarşı şənbə günü Buxarestdə hökumət qərargahının qarşısındakı meydanda keçirilən etiraz aksiyasında 8 minə yaxın insan iştirak edib.

"Report"un məlumatına görə, bu barədə "HotNews" portalı məlumat yayıb.

Etirazçılar ədliyyə sistemindəki "mafiya şəbəkələrinin" aradan qaldırılmasını, Ali Kassasiya Məhkəməsinin sədri və daxili işlər nazirinin istefasını tələb ediblər. Buxarestdəki etirazlar artıq dördüncü gündür ki, Rumıniyanın bir çox başqa şəhərlərinə yayılıb.

Etirazlara korrupsiyanın araşdırılması üzrə ixtisaslaşmış rumın jurnalistlərin hazırladığı "Əsirlikdə ədalət" sənədli filmi səbəb olub. Orada bəzi hakimlər və prokurorlar ölkədə bütün məhkəmə sisteminə əsas vəzifələrdə olan şəxslər tərəfindən nəzarət edildiyini, Rumıniyada iri korrupsiya işlərinin susdurulduğunu, iddia müddətinin başa çatması səbəbindən mövcud cinayət işlərinin əsassız olaraq bağlandığını iddia ediblər.

Film ilk dəfə çərşənbə axşamı "YouTube"da, çərşənbə günü isə milli televiziyada nümayiş etdirilib. Ən yüksək məhkəmə instansiyalarının rəhbərləri filmdə göstərilən faktların həqiqətə uyğun olmadığını iddia edərək, ittihamları rədd ediblər. Bununla belə, bir çox hakimlər və prokurorlar ədliyyə sistemində sui-istifadə hallarının müntəzəm olaraq baş verdiyini təsdiqləyiblər.

Ali Magistratura Şurası (hakimlərin və prokurorların peşəkar fəaliyyətinə nəzarət edən orqan) filmdə göstərilən faktlarla bağlı araşdırma aparmaq üçün Məhkəmə Müfəttişliyinə göstəriş verildiyini elan edib və prezident Nikuşor Dan milli ədliyyə sistemindəki problemlərin müzakirəsi üçün dekabrın 22-də hakim və prokurorları iclasa dəvət edib.

Избранный
58
far.az

1Источники