RU

İlqar Hüseynli: “2025-ci il Azərbaycan vətəndaş cəmiyyəti üçün beynəlxalq əməkdaşlıqların gücləndiyi il kimi yadda qaldı”

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, 2025-ci il Azərbaycan vətəndaş cəmiyyəti üçün bir sıra mühüm, maraqlı və yadda qalan hadisələrlə zəngin il kimi başa çatıb.

Onun sözlərinə görə, ilin ən əhəmiyyətli məqamlarından biri Azərbaycan qeyri-hökumət təşkilatlarının Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilə beynəlxalq platformalarda fəal əməkdaşlıq etməsi olub. Bu çərçivədə irimiqyaslı tədbirlərin keçirilməsi və institusional tərəfdaşlıqların formalaşması vətəndaş cəmiyyəti tarixində mühüm hadisə kimi dəyərləndirilir:

"İstər Qazaxıstan, istər digər türk dövlətlərinin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq, eləcə də Bakıda – Gülüstan sarayında keçirilən türkdilli ölkələrin QHT-lərinin böyük forumu Azərbaycan QHT sektorunun həmin beynəlxalq platformalarda mövqeyinin gücləndiyini və öncül rol oynadığını bir daha nümayiş etdirdi. Eyni zamanda, 2025-ci ildə qeyri-hökumət təşkilatları üçün həyata keçirilən mübadilə proqramları, Şuşada təşkil olunan mübadilə layihələri və Xankəndində keçirilən böyük QHT forumu xüsusi tarixi əhəmiyyət daşıyan hadisələr kimi yadda qaldı. Bu proseslərə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ev sahibliyi etməsi və istiqamətverici rol oynaması xüsusilə vurğulanmalıdır".

QHT sədri vurğulayıb ki, 2025-ci ildə elan olunan qrant müsabiqələrində yeni donorların cəlb olunması da mühüm yenilik oldu. Onun sözlərinə görə, əvvəllər əsasən Agentliyin elan etdiyi qrant müsabiqələri mövcud idisə, artıq Dirçəliş Fondu, BP və digər tərəfdaşlarla birgə qrant proqramlarının həyata keçirilməsi vətəndaş cəmiyyəti institutlarının inkişafı baxımından əhəmiyyətli addım kimi dəyərləndirilə bilər:

"2025-ci il həm də təşkilatımız üçün uğurlu layihələrlə yadda qaldı. Qərbi Azərbaycana qayıdış konsepsiyasının beynəlxalq səviyyədə tanıdılması istiqamətində yerli və beynəlxalq miqyasda mühüm tədbirlər həyata keçirildi. Xüsusilə Belarusun Minsk şəhərində keçirilən beynəlxalq konfrans Qərbi Azərbaycana qayıdışın beynəlxalq hüquq prinsipləri və BMT çərçivəsində müzakirəyə çıxarılması baxımından əhəmiyyətli oldu. Bu tədbir vasitəsilə Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin mövqeyi beynəlxalq ictimaiyyətə çatdırıldı.

Layihə çərçivəsində eyni zamanda yerli icmalar arasında geniş sorğular və tədqiqatlar aparıldı, Qərbi Azərbaycana qayıdışla bağlı gözləntilər, çətinliklər və yanaşmalar öyrənilərək hesabatlara daxil edildi. Qarabağ və Qərbi Azərbaycan icmalarının regionlardakı nümayəndələri ilə keçirilən görüşlər bu sahədə ictimai dialoqu daha da gücləndirdi. Bütün bunlar Qərbi Azərbaycana qayıdış mövzusunda həyata keçirilən ən uğurlu layihələrdən biri kimi yadda qaldı".

 

 

Pərvanə Fərhadqızı

Избранный
15
1
qht.az

2Источники