ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan bu gün həm də deflimpiya hərəkatının güclənərək artıq beynəlxalq aləmdə öz sözünü deməsi ilə idman ölkəsi olduğunu sübut edir. Son illər bu sahədə sistemli addımlar atılmaqla, bu hərəkatın xeyli aktivləşərək öz tarixində yeni səhifə açdığını və dünya miqyaslı yarışlarda artıq uğurla iştirak etdiyinin şahidi oluruq.
“Qafqazinfo” xəbər verir ki, 2025-ci ildə isə Azərbaycan deflimpiya tarixində ilk tarixi nəticəni - Deflimpiya Oyunlarında ilk medalını qazanıb.
Deflimpiya eşitmə məhdudiyyətli şəxslərin idman bacarıqlarının ortaya çıxarılması və inkişafına xidmət edir. İki il əvvəl Azərbaycan Deflimpiya Komitəsinin təsis edilməsinin davamında Beynəlxalq Karlar İdman Komitəsi (ICSD) və Avropa Karlar İdman Təşkilatı (EDSO) ilə qurulan fəal əməkdaşlıq, ICSD və EDSO prezidentlərinin ölkəmizə səfərləri və milli deflimpiyamızın potensialı ilə yaxından tanışlığı Komitənin qısa müddətdə həmin beynəlxalq təşkilatlara üzvlüyünə imkan verib.
Bu isə ölkəmizin eşitmə qabiliyyəti məhdud olan idmançılarının Deflimpiya Oyunları da daxil olmaqla təşkilatın bütün beynəlxalq idman tədbirlərində iştirakına şərait yaradıb.
Komitənin dəstəyi ilə deflimpiyaçılarımız təcrübə toplamaq məqsədilə müxtəlif beynəlxalq idman tədbirlərinə ezam edildilər. İlk təcrübələr uğurlu oldu. Ötən il və bu il deflimpiyaçı karateçilərimiz “Russia Open” (Rusiya) və “Chisinau Karate Open Grand Prix” (Moldova), atıçımız “H&N Cup 2025” (Almaniya) beynəlxalq turnirlərində, şahmatçılarımız “13-cü İCCD Açıq Beynəlxalq Karlar Şahmat Turniri”də (Özbəkistan) iştirak edərək uğurlar əldə ediblər.
Bu təcrübələr, habelə Komitənin gördüyü digər işlər, o cümlədən paytaxt və regionlarda təşkil etdiyi təlim-məşq toplantıları artıq beynəlxalq idman aləmində öz sözünü deyə biləcək, ölkəmizi ləyaqətlə təmsil edə biləcək deflimpiyaçıların formalaşmasına imkan yaradıb.
Ötən ay isə artıq ilk tarixi uğur qazanılıb. Azərbaycan ilk dəfə Yay Deflimpiya Oyunlarına qatıldı və Yaponiyada keçirilən XXV Yay Deflimpiya Oyunlarında 6 idman növü üzrə 5 qadın olmaqla 20 idmançı ilə təmsil olunub. Təxminən 80 ölkədən, eləcə də Qaçqınlar Komandası və Neytral İndividual Kar İdmançı Komandası üzrə 3000-dək idmançının mübarizə apardığı bu oyunlarda 60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Coşqun Əliyevisə 3-cü yeri tutaraq Azərbaycana idman tarixinin ilk dəfə Yay Deflimpiya Oyunlarının medalını - gümüş medalı qazandırıb.
Bu uğur beynəlxalq deflimpiya aləmində Azərbaycan deflimpiyasına inamı və marağı daha da artırıb. 29-30 noyabr 2025-ci ildə Tokioda keçirilən ICSD-nin 52-ci Konqresində Azərbaycan Deflimpiya Komitəsi ümumi səsvermə ilə ICSD-yə tamhüquqlu üzv statusu əldə edib.
Hazırda Azərbaycan deflimpiyası öz sıralarını daim genişləndirir. Komitə ölkənin tanınmış idman simaları ilə birgə xüsusi internat məktəblərində görüşlər keçirir, azyaşlılara və gənclərə deflimpiya hərəkatı barədə ətraflı məlumat verilir, onların idmana marağını artırılmasına çalışılır.
Yaxın gələcəkdə internat məktəblərində idman zallarının yaradılması və ya mövcud zalların bərpa olunması istiqamətində fəaliyyət planı da hazırlanıb. Regionlarda yaşayan eşitmə məhdudiyyətli idman həvəskarlarının siyahısını da formalaşdıran Komitə onların idmana çəlbi istiqamətində görüşlər keçirməsini planlaşdırır. Məşqçi və texniki heyətin jest dilini bilməsi üçün isə Komitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə qurumun tabeliyində olan məkanlarda təmannasız jest dili kursları təşkil edir və müvafiq heyətə jest dilinin əsas biliklərini öyrədir.
Görülən işlər və nəzərdə tutulan layihələr deflimpiya hərəkatının ölkəmizdə daha geniş vüsət almasına mühüm töhfə verəcək.



Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.