RU

Çin istehsalı texnikaları tez sıradan çıxır, ehtiyat hissəsi də tapılmır, tapılsa da, baha olur - AÇIQLAMA

Azərbaycanda lizinq şirkətləri fermerlərə müxtəlif növ kənd təsərrüfatı texnikaları təklif edirlər. Bu texnikalar da əsasən Çindən gətirilənlərdir. Bəzi fermerlər həmin texnikaların əkin sahələrinə yaramadığını bildirir. Qeyd edirlər ki, Çin istehsalı texnikaları tez sıradan çıxır, ehtiyat hissəsi də tapılmır, tapılsa da, baha olur.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən kənd təsərrüfatı üzrə ekspert, iqtisadçı Cəfər İbrahimlinin sözlərinə görə, ölkədə son illərdə kənd təsərrüfatı texnikalarının gətirilməsi və  dövlət dəstəyi ilə subsidiya formasında fermerlərə satışını  təşkil etməsi mövzusunda kifayət  qədər liberallaşma aparılıb:

 

“Kifayət qədər şirkətlər xarici istehsalçılardan fərqli markaların texniki avadanlıqlarını ölkəyə gətirirlər və bu formada da fermerə satılır. Seçim həddindən artıq çoxdur. Hər fermer əkinçilik sahəsinə, relyefi, ərazisinin imkanlarına baxaraq seçir. Dövlətin illərdir bu işə dəstəyi var. Texnikalar fermerlərə subsidiyalı verilir. Bu istiqamətdə hansısa çətinliyin olduğunu düşünmürəm”.

 

C.İbrahimli qeyd edib ki, yeni marka, texnika ölkəyə daxil olursa, detallarının gəlməsi və ölkə ərazisində satışının təşkil edilməsi bir az zaman alır: “Ölkənin daxilində də bu detalları istehsal edən emal müəssisələri olmadığı üçün və ya yetərli sayda olmadığı üçün  bu istiqamətdə yaranan problemi həll etmək bir az çətin olur”.

 

Kənd Təsərrüfatı texnikalarının Çindən gətirilməsi ilə məşğul olan şirkət təşkilatçısı Ramin Qafarov isə Pravda.az-a açıqlamasında Çindən gətirilən kənd təsərrüfatı texnikaları ilə bağlı problemin yaşanmadığını söyləyib: “Bu günə qədər gətirdiyimiz texnikalarla bağlı hansısa şikayət gəlməyib, sıxıntı yaşamamışıq. Zamanında qulluq edilərsə, hansısa problemin yaşanacağını zənn etmirəm. Hər biri normal keyfiyyətə məxsus texnikalardır. Qiymətləri isə növündən, modelindən asılı olaraq dəyişir. Gərək duyulan zaman sıradan çıxan ehtiyat hissələrinin də xaricdən gətirilməsini təmin edirik, yəni tapılmasında da problem yaşanmır”.

 

Şəhanə Quliyeva


Избранный
43
1
azia.az

2Источники