Amerikalı milyarder Bill Ackman, Sidneydəki Bondi çimərliyində yaralanan, lakin bir terrorçunu tərksilah edən meyvə köşkü sahibi Əhməd əl-Əhmədə 99.990 dollar bağışladı. Ackman onu “cəsur qəhrəman” adlandırıb.
“Bloomberg”in məlumatına görə, iş adamının hedcinq fondu olan Pershing Square Capital Management, oxşar hərəkətlər edən insanlar üçün təşviq proqramı yaradacaq.
Milyarder pulu Əhməd əl-Əhməd üçün xüsusi GoFundMe ianə toplanışına bağışlayıb. Kişi üçün 1 milyon dollardan çox vəsait toplanıb. ABŞ prezidenti Donald Tramp da Əhməd əl-Əhmədə “böyük hörmət” ifadə edib və onun bir çox insanın həyatını xilas etdiyini söyləyib.
Qeyd edək ki, Sidneydəki Bondi çimərliyində baş verən atışmada on altı nəfər həlak olub, 42 nəfər yaralanıb. İki kişi yəhudilərin Hanuka bayramı üçün toplaşan insanlara hücum edib. Avstraliya polisi hadisəni terror hücumu kimi təsnif edib.
//Samir Qurbanov, Editor.az