RU

Komitə sədri: Həmkarlar İttifaqları ilə əməkdaşlıq sosial siyasətin inkişafına mühüm töhfə verir

Bakı, 16 dekabr, AZƏRTAC

Milli Məclisin Əmək və sosial siyasət komitəsi olaraq ölkəmizdə sosial siyasətin həyata keçirilməsi, əmək münasibətlərinin daim təkmilləşdirilməsi, vətəndaşların sosial rifahının yüksəldilməsi və bu sahədə qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə mövcud əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq qarşılıqlı etimada, konstruktiv dialoqa və ümumi məqsədlərə söykənərək formalaşan səmərəli tərəfdaşlıq nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O ümidvar olduğunu bildirib ki, bu əməkdaşlıq gələcəkdə daha da güclənəcək, yeni məzmun və keyfiyyət mərhələsinə yüksələcək, əmək və sosial sahədə qarşıda duran çağırışların birgə həllinə mühüm töhfələr verəcək.

“Komitə adından xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında son illərdə aparılan müasir çağırışlara cavab verən, gələcəyə yönəlmiş institusional islahatları, idarəetmənin təkmilləşdirilməsi və üzvlərin hüquq və maraqlarının daha etibarlı müdafiəsinə xidmət edən təşəbbüsləri yüksək qiymətləndiririk. Eyni zamanda, konfederasiyanın beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlar, beynəlxalq həmkarlar ittifaqı strukturları ilə qurulan səmərəli əlaqələr və ölkəmizin bu platformalarda layiqincə təmsil olunması da xüsusi təqdirəlayiqdir. Əminik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bundan sonra da dövlətin sosial siyasətinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi fəaliyyətini uğurla davam etdirəcək və ölkəmizdə sosial ədalətin, əmək hüquqlarının qorunmasının və vətəndaş rifahının daha da yüksəldilməsinə mühüm töhfələr verəcək”, - deyə deputat qeyd edib.

Избранный
92
azertag.az

1Источники