RU

“İnnovativ məktəb- kompleks inkişaf modeli” layihəsinin təqdimatı olub

Bakı, 16 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innoasiyalar üzrə lX qrant müsabiqəsində 56 nömrəli tam orta məktəb ümumtəhsil məktəbi kateqoriyada "İnnovativ məktəb- kompleks inkişaf modeli" layihəsi ilə qalib olub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə layihə barədə geniş məlumat verilib.

Tədbirdə layihənin təqdimatı ilə bağlı məktəbin son illərdə müşahidə olunan inkişaf dinamikası da təqdim olunub. Eyni zamanda tədbirdə məktəbin hansı xüsusiyyətlərinə və üstünlüklərinə görə bu layihəni yerinə yetirmək əzmində olduğunu nümayiş etdirən təhlillər yer alıb.

Məktəbin direktoru Könül Hüseynova deyib ki, “İnnovativ məktəb – kompleks inkişaf modeli” layihəsi ilə Azərbaycanda ilk dəfə olaraq tam orta ümumtəhsil məktəbi akkreditasiyadan keçəcək.

O bildirib ki, layihənin 9 qrant layihəsi arasında ən yüksək maliyyə dəstəyini qazanması sevindirici haldır: “Bu bizim üçün həm böyük şərəf, həm də ciddi məsuliyyətdir. İnanırıq ki, “İnnovativ məktəb – kompleks inkişaf modeli” vasitəsilə Azərbaycan təhsilinə yeni yanaşma təqdim edəcəyik və layihənin funksional şəkildə uğurla işləyəcəyinə ümid edirik. Layihə çərçivəsində pilot olaraq məktəb akreditasiyası tətbiq olunacaq. Akkreditasiya müəyyən meyarlar əsasında həyata keçiriləcək və bu meyarlar məktəbin, pedaqoji heyətin və ümumilikdə təhsil prosesinin səviyyəsini yüksəldəcək. Məqsəd dördillik fəaliyyətin nəticələrinə əsaslanaraq məktəbin inkişaf dinamikasını izləmək, aparılan təhlillər əsasında daha böyük uğurlara imza atmaqdır”.

Könül Hüseynova əlavə edib ki, layihə şagirdlərə də birbaşa təsir göstərəcək. Peşəkar təhsil mərkəzləri tərəfindən həyata keçiriləcək təlim və mentorluq fəaliyyətləri çərçivəsində uzunmüddətli dərs dinləmələri, təhlillər və inkişaf proqramları təşkil olunacaq.

Onun sözlərinə görə, layihənin əsas hədəflərindən biri də inkluzivliyin təmin edilməsidir. Məktəbdə inkluziv mərkəz yaradılır və dövlət hesabına xüsusi qayğıya ehtiyacı olan şagirdlərə dəstək göstəriləcək.

Direktor qeyd edib ki, layihə 10 ay müddətində, tədris ilini əhatə edən mərhələlər üzrə icra ediləcək. Bu dövrdə pedaqoji heyətin hazırlığı təmin olunacaq, inkluzivlik sahəsində ilkin addımlar atılacaq: “Ümid edirik ki, pilot layihə uğurla yekunlaşacaq və gələcəkdə digər məktəblər üçün də tətbiq edilə bilən modelə çevriləcək”.

Tədbirdə çıxış edən digər qonaqlar da məktəb kollektivini təbirik edib və onlara bu yolda uğurlar arzulayıblar.

 

 

Избранный
125
azertag.az

1Источники