RU

Amnistiya kimlərə şamil olunacaq? - Hüquqşünas açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev genişmiqyaslı amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Bu qərar təxminən 20 min nəfəri əhatə edəcək. Amnistiyanın əsas məqsədi cəmiyyətdə humanizm prinsiplərini gücləndirmək və ədalətli cəza siyasətini təmin etməkdir. Eyni zamanda, bu addım sosial ədalətin möhkəmlənməsinə və məhkumların cəmiyyətə reinteqrasiyasına xidmət edir. Prezidentin təşəbbüsü vətəndaşlar arasında böyük müsbət reaksiyalar doğurub. Bəs, amnistiya aktı kimlərə şamil oluna bilər? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan hüquqşunas Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin 19-cu bəndinə əsasən, Milli Məclis tərəfindən həll olunan məsələlərdən biri də amnistiya aktının qəbul edilməsidir:

"Amnistiya aktı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə uyğun olaraq, fərqli qaydada müəyyən edilməyən şəxslərə şamil olunur.

Bu akt əsasında cinayət törətmiş şəxslər cinayət məsuliyyətindən azad edilə bilər. Eyni zamanda, cinayət törətmiş və ya məhkum edilmiş şəxslər üçün tətbiq olunan cəza ya tamamilə ləğv oluna, ya da azaldıla, yaxud daha yüngül cəza növü ilə əvəzlənə bilər",- hüquqşünas qeyd edib.

R.Süleymanov əlavə edib ki, amnistiya aktı ilə şəxslərin üzərindən məhkumluq da götürülə bilər:

"Qeyd etmək lazımdır ki, amnistiya aktı qəbul edilərkən orada mütləq şəkildə göstərilir: hansı maddələr üzrə tətbiq olunacağı, hansı şəxslərə şamil ediləcəyi və tətbiq olunan cəzanın hansı şəkildə azaldılacağı və ya əvəzlənəcəyi".

Seyranə QuliyevaMissiya.Az

Избранный
103
missiya.az

1Источники