RU

907-ci düzəlişin 35 ildən sonra ləğvi: Azərbaycana nə verəcək?

ABŞ-də 907-ci düzəlişlə bağlı proses davam edir.

Son olaraq Konqresə Azərbaycana qarşı yardım məhdudiyyətlərini ləğv etməklə bağlı qanun layihəsi təqdim edilib. Layihə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində irəli sürülüb: 

“9 dekabr 2025-ci ildə ABŞ Nümayəndələr Palatasına H.R.6534 saylı qanun layihəsi təqdim olunub. Layihə Azərbaycana yardım göstərilməsinə dair məhdudiyyətlərin ləğvini nəzərdə tutur. Qanun layihəsinin təşəbbüskarı Respublikaçılar Partiyasından Florida ştatını təmsil edən konqresmen Luna Anna Paulinadır”.

Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə qəbul olunub. Bu, ABŞ-nin Azərbaycana istənilən təyinatlı dövlət yardımının göstərilməsini qadağan edir. Lakin cari ilin avqust ayında ABŞ Prezidenti Donald Tramp "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncama imzalayıb. Bunun da ABŞ-Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcəyi proqnozlaşdırılır. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, 907-ci düzəliş erməni lobbisinin təsiri nəticəsində qəbul olunmuşdu: 

“1990-cı illərdə ermənilər Azərbaycan torpaqlarını işğala başladı. Beynəlxalq səviyyədə ölkəmizə qarşı erməni lobbisinin təhriki ilə bir neçə qanunverici təşəbbüslər oldu. Həmin dövrdə diqqət daha çox İraqdakı müharibə üzərindən ABŞ Konqresində Ermənistanın üzərində cəmlənsə də, erməni lobbisi və diasporası qəribə tərzdə özünə qarşı gələn təzyiqləri Azərbaycanın əleyhinə çevirə bildi.

Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım cinayətləri görməzdən gəlindi, əksinə guya bizim etnik ermənilərə qarşı hansısa cinayətlər törətdiyimiz kimi təqdim olundu. O dövrdə Azərbaycan informasiya blokadasında idi, hətta bir çox media təsisatı hələ də Moskvanın nəzarətində idi. Bu səbəbdən də öz maraqlarımızı yetərincə müdafiə edə bilmirdik”.

Ekspert qeyd edib ki, 30 il ərzində Azərbaycan, Ermənistan və Gürcüstana edilən yardımlara baxmaq lazımdır: 

“907-ci düzəlişə görə ölkəmizin itkiləri kifayət qədər böyük idi. Sadəcə hərbi-texniki deyil, digər sahələri də əhatə edir. Birbaşa dövlət yardımlarının məhdudlaşması Azərbaycanın iqtisadi islahatlara, infrastruktur layihələrinə, institusional dəstəyə çıxışını zəiflətdi.

Eyni zamanda, xarici investorlar üçün də riskləri artırdı və iqtisadi inkişafı çətinləşdirdi. Bu, xüsusilə müstəqilliyin ilk illərində kritik idi. Ölkəmizi beynəlxalq səviyyədə ABŞ qanunları qarşısında “aqressor” kimi təsvir edirdi və bu, ölkənin imicinə mənfi təsir göstərirdi. 

ABŞ-nin digər postsovet ölkələrindəki proqramlarına daxil olmayan Azərbaycan öz islahat proqramlarını və iqtisadi açılımını daha çox daxili resurslarla həyata keçirməli oldu. 

907-ci maddənin qüvvədə olduğu dövrdə Azərbaycan yalnız qeyri-hökumət təşkilatları vasitəsilə məhdud yardım alıb. Lakin digər keçmiş Sovet ölkələri, o cümlədən Ermənistan və Gürcüstan ABŞ-dən rəsmi yardım paketlərindən tam faydalandı”.

Politoloq vurğulayıb ki, 907-ci düzəlişin ləğvinin Azərbaycan üçün faydaları kifayət qədər böyük olacaq: 

“Xüsusilə Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycanla ABŞ arasında ədalətli yamaşma münasibətlərin yaxınlaşması prosesi start verdi. Əslində, ölkəmizə qarşı obyektiv yanaşma məhz belə olmalı idi.

Ancaq zamanında tarixi ədalətsizlik nəticəsində Azərbaycanın əleyhinə 907-ci düzəliş qəbul edilib. Son aylarda bu ədalətsizliyin aradan qaldırılması istiqamətində təşəbbüslər oldu. Nəticədə, bu qərar ləğv edildi. İndiki vəziyyətdə bu addımın atılması Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də öz müsbət töhfəsini verəcək”.

Yeganə Hacıyeva diqqətə çatdırıb ki, 907-ci düzəlişin ləğvi sayəsində Azərbaycana ABŞ-nin hərbi-texniki təcrübəsi mübadiləsi ola bilər: 

“Bu da Azərbaycan Ordusunun daha da güclənməsinə gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, Ordumuz həm də müasir ordu formasında yenidən qurulması prosesi davam edir.  Texnoloji naliyyətin hərb sənayesinə transfer olunması ilə gedən prosesləri ən yaxşı edən məhz ABŞ-dir. Yəni bunun mübadiləsi bizim üçün olduqca faydalı olar. Bundan başqa, iki ölkə arasında iqtisadi və kadr mübadiləsi kifayət qədər uğurlu alınar”.

Избранный
58
1
cebheinfo.az

2Источники