RU

Biznesin maliyyə dayanıqlığı kontekstində sağlamlaşdırma və müflisləşmə mexanizmləri mühüm rol oynayır – MÜSAHİBƏ

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycanda biznes mühitinin dayanıqlığının artırılması, maliyyə çətinliyi ilə üzləşən sahibkarlıq subyektlərinin qorunması və kreditor maraqlarının daha balanslı təmin edilməsi məqsədilə sağlamlaşdırma və müflisləşmə sahəsində yeni yanaşmalar gündəmdədir. Dünya Bankının meyarları və qabaqcıl beynəlxalq təcrübə bu sahədə aparılan islahatların əsas istiqamətlərini müəyyənləşdirir. Beynəlxalq aləmdə formalaşan trendlər, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün sadələşdirilmiş mexanizmlər və preventiv restrukturizasiya alətləri bu prosesdə mühüm rol oynayır. Bu mövzu ətrafında mövcud beynəlxalq təcrübə, aktual çağırışlar və mümkün hüquqi mexanizmlər barədə daha ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İngiltərə və Uelsin Yüksək Məhkəmələrinin solisitoru, transsərhəd müflisləşmə və restrukturizasiya hüququ üzrə ekspert Dr.Abbas Abbasov AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Bildiyiniz kimi, hal-hazırda Azərbaycanda Dünya Bankının meyarlarına, o cümlədən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq sağlamlaşdırma və müflisləşmə sahəsində islahatların aparılması gündəmdədir. Bəs bu sahədə beynəlxalq təcrübədə hansı trendlər mövcuddur?

- Bəli, Dünya Bankının “Business Ready (B-READY)” hesabatında “Biznesin Müflisləşməsi”nin ayrıca mövzu kimi nəzərdə tutulması Azərbaycanda da bu sahəyə marağın artmasına səbəb olub və müəyyən islahatların aparılması müzakirə olunmaqdadır.

Beynəlxalq təcrübədə mövcud trendlərə gəldikdə, iki əsas məqamı vurğulmaq istərdim. Birincisi mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün sadələşdirilmiş ləğvetmə və sağlamlaşdırma prosedurları ilə bağlıdır. Son illərdə Dünya Bankı, UNCITRAL kimi bir sıra beynəlxalq təşkilatlar öz tövsiyə xarakterli sənədlərində bu məsələyə geniş yer ayırırlar. Yeri gəlmişkən, müvafiq sadələşdirilmiş rejimə Dünya Bankının qeyd etdiyimiz hesabatında da ayrıca olaraq istinad edilir. İkinci məqam olaraq preventiv restrukturizasiya mexanizmlərini qeyd etmək yerinə düşərdi.

- Mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün sadələşdirilmiş rejim nə üçün lazımdır və həmin rejimin əsas xüsusiyyətləri nədən ibarətdir?

- Bu növdən olan sahibkarlıq subyektlərinin müflisləşmə işləri bir sıra ümumi xüsusiyyətlərə malikdir. Birincisi, qeyd edilən sahibkarlıq subyektləri bir çox hallarda mühasibatlıq işlərini lazımı qaydada aparmayan ailə biznesləridir. İkincisi, həmin işlərdə adətən kreditorların təmin edilməsi üçün əmlak kütləsi ya ümumiyyətlə mövcud olmur, ya da çox az miqdarda olur. Daha sonra, bu işlərdə kreditorların əməkdaşlıq etməyə meyilli olmadıqlarını qeyd etmək olar. Nəhayət, bu bizneslər say etibarilə mütləq əksəriyyət təşkil edir və onların ümumi rejim üzrə, yəni məhkəmənin nəzarəti altında müflisləşməsi məhkəmə sisteminin onsuz da məhdud olan resurslarını tükətmək potensialına malikdir. Qeyd edilənləri nəzərə alaraq, qabaqcıl beynəlxalq təcrübə bu kateqoriyadan olan dayanıqlı bizneslərin sağlamlaşdırılmasının, dayanıqlı olmayanların isə ləğvinin sürətli və az xərc tələb edən prosedurlarını tövsiyə edir. Müvafiq prosedurlar xərclərə qənaət etmək və inzibati yükü minimuma endirmək məqsədlərinə nail olmaq üçün, bir qayda olaraq, məhkəmənin iştirakını, müflisləşmə inzibatçısının təyin edilməsini və kreditor orqanlarının formalaşdırılmasını nəzərdə tutmur.

- İkinci əsas məqam kimi preventiv restrukturizasiya mexanizmlərini qeyd etdiniz. Preventiv restrukturizasiya prosesi özündə nəyi ehtiva edir?

- Ümumiyyətlə, preventiv restrukturizasiya maliyyə çətinliyi və ya müflisləşmənin astanasında olan, lakin hələ müflis olmamış borclunun müflisləşməsinin qarşısının alınması məqsədilə həyata keçirilən və özündə müxtəlif tədbirləri ehtiva edən bir prosesdir. Bu cür tədbirlərə mövcud borcların məbləğinin azaldılması, icra müddətinin uzadılması və digər borc alətləri ilə əvəz edilməsini misal gətirmək olar. Restrukturizasiya planı maraqlarına toxunulan bütün kreditorların və ya onların ayrı-ayrı qruplarının qanunla müəyyən edilmiş çoxluğu (məsələn, hər bir qrup daxilində ümumi tələblərin üçdə ikisinə malik olan kreditorlar) tərəfindən qəbul edildiyi və məhkəmə tərəfindən təsdiq edildiyi andan maraqlarına toxunulan bütün kreditorlar üçün məcburi olur. Bu nəticə, həmçinin həmin planın əleyhinə səs vermiş, azlıq təşkil edən kreditorlara da şamil olunur.

- Preventiv restrukturizasiya hansı üstünlüklər təklif edir?

- Qeyd edilməlidir ki, sağlamlaşdırma prosesinə nə qədər erkən başlanılsa, onun uğurlu olmaq ehtimalı artır. Borclu müflis olduqdan sonra isə sağlamlaşdırmanın uğurlu olması ehtimalı əhəmiyyətli şəkildə azalır. Uğurlu preventiv restrukturizasiya prosesinin bir çox üstünlüklərindən danışmaq yerinə düşər. Prosesdən ən çox fayda götürənlər elə kreditorlar özləridir. Belə ki, restrukturizasiyanın baş tutmadığı halda borclu böyük ehtimal müflis elan olunacaq və onun mövcud əmlakının satışından əldə edilən vəsaitlər kreditorlar arasında onların ilkin tələblərinə mütənasib şəkildə bölüşdürüləcək. Müxtəlif ölkələrin statistikası göstərir ki, bu zaman təminatsız kreditorların geri qaytara bildikləri məbləğin onların ilkin tələblərinə münasibətdə ortalama faiz nisbəti bir rəqəmli olur. Sadə misalla desək, ilkin tələbinin məbləği yüz manat təşkil edən orta statistik təminatsız kreditora müflisləşmə icraatı çərçivəsində satışdan əldə olunan vəsaitlərdən çatası məbləğ heç on manata çatmır. Borclunun hələ müflis olmadığı dövrdə uğurlu preventiv restrukturizasiya tədbirləri vasitəsilə isə kreditorlar özlərinin ilkin tələblərinin əhəmiyyətli dərəcədə yüksək hissəsinin ödənilməsinə nail ola bilərlər. Bundan başqa, bir müəssisənin müflisləşmə nəticəsində ləğv edilməsinin qarşısının alınması, eyni zamanda, bir iş yerinin və vergi ödəyicisinin xilas edilməsidir. Təsadüfi deyil ki, son illərdə müxtəlif yurisdiksiyalarda qanunvericiliyə yeni preventiv restrukturizasiya mexanizmlərinin daxil edilməsi müşahidə olunur. Məsələn, Avropa İttifaqının 2019-cu ildə qəbul edilmiş Restrukturizasiya və Müflisləşmə haqqında Direktivi üzv dövlətlərin üzərinə öz qanunvericiliklərində belə mexanizmlərin mövcudluğunu təmin etmək öhdəliyi qoyur.

- Qeyd etdiniz ki, restrukturizasiya planının qəbulu üçün heç də bütün kreditorların razılığı tələb olunmur, müəyyən çoxluğun razılığı kifayətdir. Bəs planın əlehinə səs vermiş azlıq təşkil edən kreditorların hüquqları hansısa formada qorunurmu?

- Çox vacib məqama toxundunuz. Belə ki, restrukturizasiya mexanizmləri mülki hüququn əsas prinsiplərindən biri olan müqavilə azadlığından kənara çıxmağa imkan verir. Yəni, kreditorun razılığı olmadan onunla bağlanmış müqavilənin şərtləri dəyişdirilə bilər: borcun məbləği azaldıla bilər, icra müddəti uzadıla bilər və s. Odur ki, müvafiq restrukturizasiya tədbirinə etiraz edən kreditorların hüquqlarının qorunması istənilən restrukturizasiya mexanizminin ən mühüm aspektlərindən birini təşkil edir. Bu zaman bütün hallarda minimum tələb restrukturizasiya planında həmin kreditora təklif edilən dəyərin kreditorun borclunun müflisləşmə icraatında ləğv ediləcəyi halda əldə edəcəyi dəyərdən çox olmasıdır. Yəni, ilkin tələbinin dəyəri min manat təşkil edən kreditor ləğv nəticəsində yüz manat əldə edəcəkdisə və restrukturizasiya planı həmin kreditora səksən manat ödənilməsini nəzərdə tutursa, həmin kreditorun hüququnun pozulduğunu və onun etirazının haqlı olduğunu iddia etmək olar. Bu, məhkəmənin planın təsdiq edilməsindən imtinası üçün əsasdır. Bu tələbə Dünya Bankının qeyd etdiyimiz hesabatında da rast gəlinir. Bundan əlavə, bəzi restrukturizasiya mexanizmləri restrukturizasiya planının bütün kreditorlar qrupu tərəfindən qəbul edilmədiyi halda da təsdiqinə imkan verir. Bu zaman təbii ki, planın əlehinə səs vermiş qrupun maraqlarının qorunması üçün daha yüksək tələblər müəyyən edilir.

Избранный
155
azertag.az

1Источники