RU

Hollanda Ukraynanın Aİ-yə üzvlüyünə mane olmayacağını bəyan edib

Hollandanın Baş naziri Dik Sxof ölkəsinin Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü tam dəstəklədiyini və Kiyevin bu istiqamətdə atacağı addımlara qarşı heç bir siyasi maneə yaratmayacağını açıqlayıb.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Dik Sxof bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ilə Haaqada keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında danışıb.

Baş nazir bildirib ki, Hollanda Ukraynanın Aİ-yə inteqrasiya prosesinə prinsipial dəstək verir: “Biz Ukraynanın Avropa İttifaqına üzvlüyünü tam şəkildə dəstəkləyirik və bu istiqamətdə heç bir təşəbbüsü bloklamayacağıq. Bəzi ölkələr bu prosesi əngəlləyir, lakin Hollanda tərəfindən heç bir siyasi blokaj olmayacaq”.

Qeyd edək ki, Avropa İttifaqı 2022-ci ilin iyununda Ukraynaya namizəd ölkə statusu verib. Aİ daxilində bu qərarın böyük ölçüdə Moskvanın siyasətinə qarşı Kiyevə siyasi dəstək xarakteri daşıdığı və simvolik mahiyyət kəsb etdiyi dəfələrlə vurğulanıb.

Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Ukraynanın Aİ-yə üzvlüyünü Kiyevin “suveren hüququ” kimi qiymətləndirmişdi. Bununla belə, bəzi Avropa ölkələri müxtəlif səbəblərlə Ukraynanın Birliyə üzvlüyünə qarşı çıxmaqda davam edir.

//Gülnarə Abasova, Editor.az

Избранный
64
editor.az

1Источники