Rəsmi London partiyaların maliyyələşdirilməsi və seçki təşviqatı qaydalarını yoxlayacaq...
Poliqon xəbər verir ki, Böyük Britaniya hökuməti ölkənin siyasi sisteminə mümkün “xarici müdaxilə” faktlarının araşdırılması məqsədilə rəsmi istintaqa start verdiyini açıqlayıb. Bu barədə çərşənbə axşamı verilən rəsmi bəyanatda bildirilib.
Məlumata görə, araşdırma çərçivəsində siyasi partiyaların maliyyələşdirilməsi qaydaları, ianələrin mənbələri, eləcə də seçkiöncəsi təşviqat kampaniyalarının keçirilməsi mexanizmləri ətraflı şəkildə təhlil olunacaq. Hökumət bu addımın ölkədə demokratik proseslərin şəffaflığını və təhlükəsizliyini təmin etməyə yönəldiyini vurğulayır.
Rəsmi Londonun açıqlamasında qeyd olunur ki, istintaqın əsas məqsədi xarici aktorların Böyük Britaniyanın daxili siyasi proseslərinə təsir göstərib-göstərmədiyini müəyyənləşdirmək və mövcud qanunvericilikdə mümkün boşluqları üzə çıxarmaqdır. Araşdırmanın nəticələri əsasında qanunvericiliyin sərtləşdirilməsi və əlavə nəzarət mexanizmlərinin tətbiqi də istisna edilmir.
Hökumət nümayəndələrinin bildirdiyinə görə, aparılacaq araşdırmanın yekun nəticələri mart ayının sonuna qədər ictimaiyyətə açıqlanacaq. Analitiklər hesab edirlər ki, bu istintaq Böyük Britaniyada siyasi proseslərin xarici təsirlərdən qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Poliqon.info