RU

“Qarabağa qayıdış səsimizə də qanad verdi” - Firuz Səxavət

"Mənə dostlar, tanışlar deyirlər ki, Firuz, sən rayona gedəndən səsin daha da cilalanıb, daha məlahətli olub"- Əməkdar artist Firuz Səxavət

Vaxt gələcək, "Xəyalət şəhəri" "Xəyallarımızın şəhəri"nə dönəcək. O günə doğru yol gedirik. Həm də böyük arzu ilə, böyük istəklə. Soydaşlarımız əzəli yurdlarına özlərilə bərabər perik düşən səslərini də toparlayıb aparırlar. Əməkdar artist Firuz Səxavətin iki il bundan əvvəl Ağdama köçdüyünü eşidəndə mənə elə gəldi ki, Qarabağımızın gözəl səsləri doğma ocağın hənirinə üz tutublar.        

   Sevimli xanəndəmiz, muğam ustası arzu və düşüncələrini News365.az-la bölüşüb. 

-Salam, Firuz müəllim. İndi tərəddüdsüz, ürəklə soruşa bilərəm əhvalınızı- necəsiz?

-Şükrlər olsun bu günə. Yaxşıyam. Torpaqlarımızın işğaldan azad olunması neçə illərdi ürəyimizdə düyün bağlayan nisgili birdəfəlik silib atdı. Qarabağda həyat öz axarına qayıdır. El-el, oba-oba soydaşlarımız öz doğma yurdlarına dönürlər- bundan gözəl nə var? 


-Ağdam şəhərinə köçməyiniz  Ağdam Musiqi Kollecinin direktoru vəzifəsinə təyinatınızla bağlı oldu, yoxsa bu təyinat sizinçün "göydəndüşmə" fürsət idi? 

-Əvvəllər də mənə bu təklif olunmuşdu. O vaxt torpaqlarımızın bir qismi işğal altında idi. İçimdə böyük ağrı vardı. Kollecin yerləşdiyi yerdən kəndimiz görünürdü. Ordan dönüb Gülablıya baxmağa ürəyim tab gətirməzdi. O səbəbdən razılıq vermədim. Bilsəydim ki, 2020-ci ildə müharibə başlayacaq, inanın ki, böyük məmnuniyyətlə gedərdim. Böyük Zəfərimizdən sonra bu təklifi sevə-sevə qəbul elədim. Əlbəttə, birinci biz getməliyik. O yerlərdə boya-başa çatmışıq. Buranın öz ətri var. Havasının öz qoxusu var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı  versin. Ali Baş Komandanımız hər zaman müzəffər olsun. Onun rəhbərliyi ilə rəşadətli Ordumuz bizi ata-baba yurdlarımıza qovuşdurdu. Bu xoşbəxtliyi yaşamaq gözəldi.    

-Bakıdan Ağdama uzanan yolda nələr keçdi xəyalınızdan,  nələr düşündünüz?  

-Ən əvvəl uşaqlıq illərim gözlərim önünə gəldi. Boya-başa çatdığım yerlər canlandı xəyalımda. Ürəyimdə dönə-dönə şükr elədim ki, doğma yurdumuza qayıtmaq mənə də qismət oldu. Yolboyu həm də sabahın xəyallarını qururdum, beynimdə planlar cızırdım- işləyəcəm,  tələbələr yetişdirəcəm. O tələbələr Qarabağın ecazkar səsini, musiqisini yenidən respublikamızın, eləcə də dünyanın ən mötəbər salonlarında tamaşaçılara təqdim edib, onları yenidən sehrləyəcəklər. Yolboyu bu xoş duyğularla yanaşı, o çətin illərdə yaşadığımız ağrı-acıları da xatırladım. 


  Qələbədən bir həftə sonra kəndimizə getmişdim- onda da nələr yaşadığımı bir Allah bilir. Qanadım olsa uçardım. Keçirdiyim duyğuları ifadə eləməyə söz tapmıram- onu insan yalnız öz beynidə, qəlbində, ürəyində hiss edib anlaya bilər. 

-Yanğısını, həsrətini oxuduğunuz mahnılarda hər zaman dilə gətirdiyiniz Ağdamla  illər sonra ilk görüş. Bu görüş necə oldu?

-Gənclik illərimdə Ağdamda oxumuşam. Kənddən gəlib gedirdim. Ağdam möhtəşəm şəhər idi. Gözəl memarlıq abidələri, yaşayış evləri vardı. Ağdamın indiki halını görmək mənə çox ağır gəldi. Adı vardı, özü yox. 

  Qisas qiyamətə qalmadı. 44 günlük Vətən müharibəsində qarşımızda diz çökdülər. Qarabağımızı azadlığına qovuşdurduq, suverenliyimiz bərpa etdik. İnsanlarımız çox zəhmətkeşdilər- qurub yaradacaqlar. Viran qalmış torpaqlarımızı yenə də dirçəldəcəklər. Hər gün Ağdamda oluram. Xankəndinə gedib-gəlirəm. Geniş tikinti-quraşdırma işlərinə, həyatın canlandığına şahid oluram. Yaxın gələcəkdə Ağdamımızın tayı-bərabəri olmayacaq. 

-Yeni evinizə uyğunlaşa bilmisinizmi? Bakının qaynarlığına öyrəşən incəsənət adamı üçün bu uzaqlıq, düşünürəm ki, bəlkə də bir qədər darıxdırıcı olar? Yoxsa, əksinədir? 

-İnsan doğulduğu torpaqda heç darıxarmı? O təmiz hava, su, təbiət.. İllah da təbiəti sevən adam üçün bu yerlər bir başqadı. Mən çox bağlıyam torpağa. Kənd, dağ, dərə, meşə... Adam çox saflaşır. Düzdü, birinci il o hisslər azacıq oldusa da, tez də ötüb keçdi. Bizim kollecdə işləmək istəyən sənətkar yoldaşlarım, tanıdıqlarım var. Onlara deyirəm ki, İnşəAllah, Ağdama köçək, işlərimiz tam qaydasına düşsün, ondan sonra məmnuniyyətlə bir yerdə çalışarıq.    


-Ağdama köçəndən səsinizdə, ifanızda hansısa dəyişiklik oldumu?-sizi dinləyənlər, eşidənlər nə deyir?  Çünki səsin də yaddaşı var. İllər sonra qovuşduğun doğma yurd tək olub-keçənlərin yox, səsin də yaddaşını oyadır, təzələyir.

-İnanırsız, dostlarımdan, tanışlarımdan tez-tez eşidirəm ki, Firuz, sən rayona gedəndən səsin daha da cilalanıb, daha məlahətli olub. Həqiqətən belədir, onu özüm də hiss edirəm. Deyirəm, bəs nə təhər olmalıydı?- Qarabağın suyu, havası... Doğma yurdu görəndə adamın tək ürəyi atlanmır, səsi də qanadlanır.  

-Bir də ki, gözəl səs insana ilahi əmanətdir-deyirlər. Mayada varsa, gec-tez hansısa biçimdə özünü göstərəcək. Yadımdadır ki, Xalq artisti, tanınmış diktorumuz, həm də çox səmimi və gözəl insan Əli Məhəmmədoğlu haqqında televiziya verilişi hazırlayırdıq. Ecazkar səsilə hamını məftun eləyən xanəndəmiz, rəhmətlik Səxavət Məmmədovu xatırladı, sizinlə yaxın qohum olduğunu dedi. Bir də dedi ki, babanızın gözəl səsi varmış. O, dağa odun-ocaq dalınca gedən vaxtı qəfil könlünə düşəndə oxuyarmış. İş-gücü olanlar həmin vaxt əlini saxlayıb, ona qulaq asarmışlar.  

-Əli müəllimə Allah cansağlığı versin. Bəli, yaxın qohumuq. Elə ata tərəfimizdə də, ana tərəfimizdə də yaxşı səsi olanlar varmış. Peşəkarlığa gəlincə, mərhum Səxavətdən başlayıb. Səxavət böyük sənətkar idi, indiyəcən insanların qəlbində yaşayır, unudulmur. Muğamımız yaşadıqca Səxavət də yaşayacaq. Onun özünəməxsus ifa dəst-xətti vardı. Belə səslərdən söz düşəndə Qarabağ bölgəsindən mən bir də rəhmətlik Qədir Rüstəmovu xatırlayıram. Hər ikisinin yolu sırf özlərinə aid idi.   

-Firuz müəllim, səsinizin davamçısı varmı?- Nəslinizdən, kökünüzdən boy atan uşaqları nəzərdə tuturam. 

-Bakıda doğulub böyüyən uşaqlar nə olsun bizim uşaqlardı- Qarabağa xas olan o səs, o təravət, o şirinlik, açığı deyim, yoxdu onlarda. Qardaşım uşaqları da, bacım uşaqları da oxuyurlar. İstedadlı da uşaqlardı. Amma... Mən inanıram ki, o səslər Qarabağa tam qayıdışdan sonra yaranacaq. Çünki bunun üçün hava, torpaq, su çox böyük şərtdi.      

-Ağdam Musiqi Kollecinin də Qarabağımızın gözəl səslərinin, musiqiçilərinin layiqli davamçılarını yetişdirəcəyinə ümid edirik. 

-Ağdam Musiqi Kolleci də torpaqlarımızın işğalı dövründə çox ağır günlərini yaşadı. Bir müddət gəldi Bərdəyə. Sonra qayıtdı Ağdamın Quzanlı qəsəbəsinə. Həmin dövrdə peşəkar müəllim heyəti, demək olar ki, dağıldı. Həqiqətən də, kollecin çox şərəfli, qürurverici tarixi olduğunu musiqi ictimaiyyəti yaxşı bilir. İndi biz çalışırıq ki, məktəbin əvvəlki şöhrətini özünə qaytaraq. Amma bu, bir-iki ilin söhbəti deyil, xeyli zaman alacaq. Düşünürəm ki, yaxın vaxtlarda kollecimiz Ağdama köçsə, daha da canlanma olacaq. Tələbə axını çoxalacaq. Çalışıram ki, o zamana kimi Ağdamın Bakıda, eləcə də başqa şəhər və rayonlarımızda musiqi sahəsində çalışan yaxşı pedaqoqlarını kollecimizə cəlb edim. Ən böyük gözləntimiz, sağlıq olsun, məktəbimizin Ağdama köçməsidir. Bununla belə, son iki ildə irəliləyişi də qeyd etmək istəyirəm. Rayonumuzda, eləcə də Bakıda tədbirlərimiz çox olub. Tələbələrimiz dəfələrlə televiziya verilişlərində çıxış ediblər.   

-Yəni, düşünürsünüz ki, yaxın illərdə Ağdam Musiqi Kolleci Qarabağ İqtisadi rayonunda, yəni o bölgədə yaşayan, ifaçılıq bacarığı,  musiqi istedadı olan gənclərimizə paytaxta gedən yolları "unutduracaq". 

-Kollecimiz vaxtilə Asəf Zeynallı adına Musiqi Kolleci ilə rəqabətdə olub. Vaxt gələcək, bu yarış yenidən başlayacaq. 

-Qarabağımız bərpa olunur, yenidən qurulur.  Dirçələn yalnız torpaqlarımız deyil, həm də bu yerlərin neçə illərdi həsrətini çəkdiyi şaqraq səslərdi, zəngulələrdi, muğam dəstkahlarıdı, təsnifləridi, ürəkləri riqqətə gətirən musiqilərdi...    

-Ona görə öz musiqimizə sahib çıxmalıyıq. Bu da xalqın içindən gəlməlidir. Güclə insanlarımızın qəlbində milli musiqiyə sevgi yarada bilmərik. Ümid edirəm ki, Qarabağa qayıdış həm də bütün varlığımızla milli-mənəvi dəyərlərimizə qayıdışı sürətləndirəcək. 

 Nazim Əlifov

Избранный
130
news365.az

1Источники