ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və Coğrafiya fakültəsində Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Fətəli xan Xoyskinin dövlətçilik fəaliyyəti və siyasi-hüquqi irsi” mövzusunda elmi seminar keçirilib. Elmi seminar Azərbaycan Respublikası Prezidentinin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində təşkil edilib.
AZƏRTAC xəbər verir ki, seminarı ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova açaraq Fətəli xan Xoyski irsinin öyrənilməsinin yeni araşdırmalara yol açmaqla yanaşı, Vətən tarixinin öyrənilməsində tələbələr üçün bir vasitə olacağını söyləyib.
Elmi seminarda tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “Fətəli xan Xoyskinin siyasi görüşləri və dövlətçilik fəlsəfəsi” mövzusunda məruzə edərək dövlət xadiminin dövlətçilik fəlsəfəsi və siyasi görüşlərinə dair maraqlı faktları diqqətə çatdırıb. M.Ağalarlı qeyd edib ki, F.Xoyskinin II Dövlət Dumasındakı fəaliyyəti və siyasi baxışları sonrakı mərhələdə suveren milli dövlətçilik fəlsəfəsinin bünovrəsi kimi qiymətləndirilə bilər. Məruzəçi çıxışına davam edərək Xoyskinin dövlətçilik fəlsəfəsinin əsasını, fəaliyyəti dövründə həyata keçirməyə çalışdığı və hər zaman sadiq qaldığı əsas prinsiplər – millətin hüququ, istiqlalı və hürriyyəti olduğunu vurğulayıb.
Professor Xəqani Məmmədov, tarix üzrə fəlsəfə doktorları – dosent Zakir Kərimov, dosent Elmira Süleymanova, baş müəllim Elman Mirzəyev və başqaları çıxış edərək Fətəli xan Xoyskinin ilk Baş nazir və bir neçə dəfə hökümət başçısı kimi fəaliyyətindən, dövlət quruculuğu, hüquq sisteminin formalaşdırılması, diplomatik əlaqələrin yaradılması sahəsindəki fəaliyyətindən bəhs ediblər.
Elmi seminar müzakirələrlə öz işini yekunlaşdırıb.
1 / 2
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.