RU

20 min nəfərlik amnistiya: “Prezidentin bəşəri ideyalara sadiqliyinin göstəricisidir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. 

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. 

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq. 

Prezident tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir.

Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. 

Ölkə başçısı tərəfindən irəli sürülən bu təşəbbüs ictimaiyyət nümayəndələri, ziyalılarımız tərəfindən yüksək qiymətləndirilir. 

Millət vəkili Tahir Rzayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev fəaliyyətinin bütün dövrlərində bəşəri ideyalara sadiqliyi, humanist amalları və əməlləri ilə nümunə göstərib: 

“Bunu həyata keçirdiyi tədbirlərlə, faydalı, xeyirxah işlərlə sübuta yetirib. Bir neçə dəfə imzalanmış amnistiya aktı və nəticədə 10 minlərlə insanın azadlığa qovuşması, cinayətinin müəyyən hissəsinin çəkiməsinə güzəşt edilməsi buna bir nümunədir. 

Budəfəki amnistiya aktının 20 min nəfərə şamil edilməsi dövlətimizin rəhbərliyinin humanizmini, insana qayğısını bir daha əks etdirir. Bu, onminlərlə ailənin sevinməsi, qohum-əqrəbanın, yaxınlarının sevindirilməsidir. 

Cənab İlham Əliyev belə humanist addımlarla nəinki insanları müəyyən cəzalardan azad etməyi üstün tutur, həm də bunu bir tərbiyə, islahetmə forması kimi dəyərləndirir və özünün əməlləri, xeyirxahlığı ilə insanların sevincinə səbəb olur. 

İnsan müəyyən xətalardan, səhvlərdən uzaq deyil. Bu insanların içərisində elələri var ki, onlar adi bir səhvdən, başa düşməməzlikdən, öz hərəkətini qiymətləndirmədən belə həbsxanalara düşüblər”. 

Deputat bildirib ki, onların çoxu etdiyi hərəkətin peşmanlığını çəkir:

“Əlbəttə ki, onları öz ailələrinə, yeni, normal həyata qaytarmaq əsl humanistlikdir. Dövlətimizin rəhbəri də daimi olaraq bu humanistliyi özünün amalı hesab edib, Azərbaycan vətəndaşına qayğı və diqqət, onların həyatının yaxşılaşdırılması, normal həyatlarının təmin edilməsi cənab İlham Əliyevin həyatının mənasıdır və dəfələrlə bunu öz çıxışlarında gündəmə gətirib. 

Amnistiya nəinki azadlığa çıxan insanları, onların ailələrini, eləcə də hər bir vətəndaşı sevindirir. Çünki bu insanlar gələcək həyata yenidən normal əməllərlə töhfələr verə bilərlər, cəmiyyətdə özlərini doğruldub ölkənin inkişafı üçün lazımi səylər göstərə bilərlər. Bu, amnistiya aktı vətəndaşların konstitusion hüquqlarına hörmət, onlara diqqət və qayğı, himanist ideyalara, amallara bir töhfə kimi qiymətləndirilməlidir”. 

Избранный
40
cebheinfo.az

1Источники