Mümkün müharibə təhlükəsi ilə bağlı məlumatlar fonunda döyüş təyyarələri bölgədə patrul edir...
Poliqon xəbər verir ki, Venesuela ətrafında mümkün müharibə təhlükəsi ilə bağlı yayılan məlumatlar fonunda ABŞ Hərbi Dəniz Qüvvələrinin göyərtə aviasiyası havaya qaldırılıb. Məlumata görə, hazırda bölgənin hava məkanında bir ədəd F/A-18E/F Super Hornet qırıcı təyyarəsi, iki ədəd EA-18G Growler radioelektron mübarizə təyyarəsi, eləcə də göyərtə bazalı uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi olan E-2D Advanced Hawkeye fəaliyyət göstərir.
Hərbi ekspertlərin fikrincə, bu tip aviasiya qruplaşmasının eyni vaxtda havaya qaldırılması ABŞ-nin bölgədə vəziyyətə yüksək hazırlıq rejimində yanaşdığını göstərir. Xüsusilə E-2D Advanced Hawkeye təyyarəsinin iştirakı hava məkanına nəzarətin gücləndirildiyini və mümkün hərbi əməliyyatlar üçün komanda-idarəetmə imkanlarının aktivləşdirildiyini göstərən əsas göstərici hesab olunur.
Qeyd olunur ki, F/A-18 Super Hornet qırıcıları zərbə və hava üstünlüyü tapşırıqlarını yerinə yetirmək üçün istifadə olunur, EA-18G Growler təyyarələri isə düşmənin hava hücumundan müdafiə sistemlərinin və rabitə kanallarının radioelektron üsullarla sıradan çıxarılmasına xidmət edir. Bu isə bölgədə real döyüş əməliyyatlarına hazırlıq ehtimalı ilə bağlı narahatlıqları daha da artırır.
Poliqon.info