RU

Məktəblərdəki yeni bəla - “Snus” saqqız deyil", siqaretdir - HƏYƏCAN TƏBİLİ

Dekabrın 11-də 14 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş zəhərlənmə hadisəsi ciddi təhlükəni gündəmə gətirib. İlkin araşdırmalar zamanı məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alaraq sinif yoldaşlarına paylayıb. Ehtimallara görə, səkkiz şagird məhz bu saqqızı istifadə etdikdən sonra özünü pis hiss etməyə başlayıb.

Şagirdlərdə ümumi narahatlıq, ürəkbulanma və halsızlıq əlamətləri müşahidə edilib. Hadisənin təhlükəli tərəfi isə uşaqların çeynədiyi məhsulun adi saqqız yox, "snus" adlı saqqızabənzər, tərkibində nikotin olan maddə olmasıdır. Məlumata görə, bu məhsul məktəblilər arasında yayılıb və uşaqlar onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edirlər. Sözügedən məhsullar köşklərdə açıq şəkildə satılır və azyaşlılar tərəfindən heç bir maneə olmadan əldə edilə bilir.

Mütəxəssislər bildirirlər ki, "snus" saqqız deyil, ağız boşluğunda istifadə olunan nikotin tərkibli maddədir. Həkim Adil Qeybulla Day.Az-a açıqlamasında qeyd edib ki, siqaret asılılığının əsas səbəbi nikotindir. Onun sözlərinə görə, nikotin insanlarda asılılıq yaradır, siqaretin digər zərərli təsirləri isə qətranabənzər maddələrlə bağlıdır və bu maddələrin kanserogen təsiri var. Həkim vurğulayıb ki, nikotinə erkən yaşlarda alışma uşaqlarda ciddi fəsadlara səbəb ola bilər. Nəticədə ürəkbulanma, başgicəllənmə, halsızlıq və zəhərlənmə halları baş verir ki, bu da son dərəcə təhlükəlidir.

"Snus" adlı məhsulun məktəblilər arasında yayılması rəsmi qurumları da hərəkətə gətirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Day.Az-a açıqlamasında bildirib ki, "snus" adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə bağlı araşdırmalar aparılır. Hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi mövcud deyil.

Bununla belə, tərkibində nikotin olan məhsulların, eləcə də tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışı qanunvericiliyin tələblərinə ziddir. Polis orqanları tərəfindən bu istiqamətdə profilaktik və nəzarət tədbirləri həyata keçirilir. Zərərli vərdişlərin qarşısının alınması məqsədilə ticarət obyektlərində və məktəblər ətrafında müvafiq yoxlama və nəzarət tədbirləri davam etdirilir.

Elvin Səxavətoğlu
Day.Az

Избранный
105
day.az

1Источники