Harvard Tibb Fakültəsinin morqunun keçmiş direktoru bağışlanan kadavralara aid hissələri oğurlayıb onları “bəzək əşyası kimi” satdığına görə 8 il həbs cəzasına məhkum edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Prokurorların bildirdiyinə görə, 58 yaşlı Cedric Lodge tərəfindən qurulan bu dəhşətli şəbəkə çərçivəsində beyin, dəri, əl və üz kimi bədən hissələri Pensilvaniya və digər bölgələrdəki alıcılara göndərilib.
Cedricin həyat yoldaşı Denise Lodge isə bu cinayətlərdə ərinə kömək etdiyi üçün bir ildən bir qədər artıq həbs cəzası alıb.
Baş prokuror müavini Alisan Martin tərəfindən məhkəməyə təqdim olunan sənədlərdə hadisənin dəhşət doğuran detalları yer alıb.
Sənədlərdə Cedricin bir alıcıya kitab üzlüyü hazırlanması üçün emal olunmuş insan dərisi verdiyi qeyd olunub. Başqa bir nümunədə isə Lodge cütlüyünün bir kişinin üzünü satdığı bildirilib.
Prokuror Martin vurğulayıb ki, Lodge 2018–2020-ci illər arasında davam edən bu müddətdə insan bədəninə aid hissələrə mənfəət məqsədilə satılan biblolar kimi yanaşıb və bu yolla minlərlə dollar qazanıb.
28 il morq direktoru vəzifəsində çalışan Lodge isə məhkəmədə peşman olduğunu ifadə edib.
Harvard Tibb Fakültəsinə bağışlanan kadavralar normal şəraitdə tədqiqat və ya tədris prosesləri başa çatdıqdan sonra ailələrinə təhvil verilir və ya kremasiya olunur. Harvard ötən il ittihamlar üzə çıxdıqdan sonra kadavra bağış proqramını beş ay müddətinə dayandırmışdı.