Platinin qiyməti artımını davam etdirərək son 17 ilin maksimumunu yeniləyib. “Trading Economics” yazır ki, bu dinamika ABŞ-də pul-kredit siyasətinin yumşaldılacağına dair gözləntilər və qiymətli metalın çatışmazlığı riski ilə bağlıdır.
Ticarət zamanı platin üzrə fyuçerslərin qiyməti troya unsiyası üçün 1 950 dollar və daha yüksək səviyyəyə (Bakı vaxtı ilə 13:50-də) qalxıb ki, bu da 2008-ci ildən bəri ən yüksək göstəricidir. İlin əvvəlindən metalın qiyməti 2,2 dəfə artıb.
Kotirovkaların yüksəlməsini ABŞ Federal Ehtiyat Sisteminin (FED) əsas faiz dərəcəsini daha da endirəcəyi ilə bağlı gözləntilər dəstəkləyir. FED 10 dekabrda əsas faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 3,5–3,75% səviyyəsinə endirib. Pul-kredit siyasətinin yumşaldılması əsasən əmək bazarındakı vəziyyətin pisləşməsi ilə əlaqədardır: noyabr ayında işsizlik səviyyəsi 4,6%-ə yüksələrək son dörd ilin maksimumuna çatıb.
Ümumdünya Platin İnvestisiyaları Şurası (World Platinum Investment Council, WPIC) da bildirib ki, 2025-ci ildə qlobal bazarda platin çatışmazlığı 69,2 min unsiya təşkil edəcək.