Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın dekabr ayının 17-də böyük oğlu Davidlə telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Oğlunun sözlərinə görə, ona yaxın gələcəkdə son söz veriləcək.
David atasının çıxışında peşman olmadığını və qondarma rejimin var olacağını vurğulamaq niyyətində olduğunu bildirib: "Heç nədən peşman deyiləm. Bütün hərəkətlərimi şüurlu və könüllü şəkildə, mümkün nəticələri tam başa düşərək həyata keçirmişəm. Hərəkətlərimə görə Allah qarşısında cavab verməyə hazıram. Təəssüfləndiyim tək şey odur ki, daha çox şey edə bilmədim. Yenə də bəyan edirəm. Tarixi yenidən yazmaq və ya hadisələrin fərqli təfsirini tətbiq etmək cəhdlərindən asılı olmayaraq, Artsax olub, var və olacaq".
Görünür, Vardanyan istintaq müddəti ərzində separatçı düşüncələrindən əl çəkməyib. Buna görə də bu gün Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edərək Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib.
Ağarza Elçinoğlu