RU

Uşaqların hüquqlarının qorunması və həssas mövzuların mediada yayılmasına yenidən baxılmalıdır

Bizimyol saytına istinadən ain.az xəbər verir.

“Bəzi ölkələrdə, o cümlədən Danimarkada son 10 il ərzində intihar halları üzrə statistik göstəricilər yüksək olaraq qalır. Buna baxmayaraq, həmin ölkələrdə qanunvericilik tələblərinə əsasən ilin sonunda yalnız ümumi statistik rəqəmlər açıqlanır, yaş və cins qrupları üzrə detallı məlumatlar ictimaiyyətə təqdim edilmir. Bu yanaşma söz, media və mətbuat azadlığı prinsiplərinə zidd hesab olunmur, əksinə, həssas mövzuların cəmiyyətə təsirinin minimuma endirilməsi məqsədi daşıyır”.

Bizimyol.info xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda brifinqdə qurumun Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, bəzi hallarda bu mövzuların media vasitəsilə sensasion formada təqdim edilməsi ciddi problemlərə yol açır.

“Bəzi media qurumları gün ərzində bu tip xəbərləri dərc edir, xəbərlər qısa müddətdə 25–35 min baxış toplayır, lakin daha sonra həmin materiallar silinir. Media nümayəndələri və redaktorlar bunun qanun pozuntusu olduğunu bilirlər, lakin buna baxmayaraq, bu hallara yol verilir.

Müqayisə üçün Türkiyə, Çexiya, Rumıniya, Bolqarıstan və ümumilikdə Şərqi Avropa ölkələrinin təcrübəsinə diqqət çəkmək istəyirəm. Həmin ölkələrdə yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq, döymə və ya hər hansı hüquq pozuntusu ilə bağlı məlumatın mediada düzgün təqdim edilməməsi hallarında media qurumları 24 saat ərzində məsuliyyətə cəlb olunur. Bu zaman təkcə xəbərdarlıqla kifayətlənilmir, bəzi hallarda lisenziyaların ləğvi kimi ciddi sanksiyalar da tətbiq edilir”.

Sonda şöbəsinin müdiri vurğulayıb ki, Azərbaycanda bu sahədə yanaşma daha liberal xarakter daşıyır, lakin mövcud çağırışlar fonunda uşaqların hüquqlarının qorunması və həssas mövzuların mediada yayılması ilə bağlı məsələlərə yenidən baxılmasına ehtiyac var.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
106
bizimyol.info

1Источники