Çeynəmə və udma problemləri uşaqlarda yalnız qidalanma çətinliyi kimi qəbul edilməməlidir. Bu problemlər ağız, dil, dodaq və çənə əzələlərinin zəifliyi ilə əlaqəli olur. Bu da nitqin formalaşmasına birbaşa təsir göstərir.
Bununla bağlı defektoloq-loqoped Fatimə Məmmədova Far.Az-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, uşaq qidanı düzgün çeynəyə bilmədikdə, udma zamanı çətinlik çəkdikdə və ya daim yumşaq qidalara üstünlük verdikdə, nitqdə də səslərin tələffüzü zəifləyir.
"Belə hallarda uşaqlarda qidanı uzun müddət ağızda saxlama, udmaqdan imtina, boğulma hissi, ağızdan axma və ya çeynəmə zamanı tez yorulma müşahidə oluna bilər.
Ağız əzələlərinin düzgün işləməməsi səslərin formalaşmasını çətinləşdirir və nitq pozuntularına zəmin yaradır. Loqopedik məşqlər, ağız–üz əzələlərini gücləndirən çalışmalar və düzgün yanaşma ilə bu problemlərin qarşısını almaq mümkündür", - deyə mütəxəssis bildirib.
Ziya SƏCCAD