Avropalı alimlər aviasiya sənayesində karbon emissiyalarını azaltmaq məqsədilə pomidor qida tullantılarını dayanıqlı aviasiya yanacağına çevirməyi hədəfləyən “ToFuel” layihəsinə başlayıblar.
QHT.az xəbər verir ki, Avstriyanın TU Graz universitetinin rəhbərlik etdiyi və Aİ tərəfindən dəstəklənən layihə dörd il davam edəcək. Layihə çərçivəsində pomidorun yarpaq, gövdə, qabıq, toxum və yararsız meyvə qalıqları yanacağa, eləcə də gübrə, heyvan yemi və yağ kimi yan məhsullara çevriləcək. Tədqiqatçılar hesab edirlər ki, 2030-cu ilə qədər Avropada tələb olunan dayanıqlı aviasiya yanacağının təxminən 3 faizi pomidor tullantılarından əldə oluna bilər.
Layihənin əsas məqsədi kənd təsərrüfatı tullantılarından iqtisadi dəyər yaratmaqla yanaşı, aviasiyanın yaşıl transformasiyasını dəstəkləməkdir.