RU

Rektor: Həkimləri Təkmilləşdirmə İnstitutu ölkənin səhiyyə sisteminin formalaşmasında və inkişafında müstəsna rol oynayıb

Bakı, 19 dekabr, AZƏRTAC

Həkimləri Təkmilləşdirmə İnstitutu 90 illik fəaliyyəti ilə Azərbaycanın səhiyyə tarixinin mühüm və ayrılmaz hissəsinə çevrilib. Mürəkkəb tarixi şəraitdə əsası qoyulan bu elm və təhsil ocağı ötən onilliklər ərzində təkcə ali təhsil müəssisəsi deyil, eyni zamanda, tibb elminin inkişafına və cəmiyyətin sağlam gələcəyinə xidmət edən strateji mərkəz kimi formalaşıb. Burada çalışan alim və həkimlərin fəaliyyəti nəticəsində tibb təhsilində və davamlı peşəkar inkişaf sahəsində bir çox ilk addımlar məhz bu institutdan başlanıb.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) 90 illik yubileyinə həsr olunan Beynəlxalq Elmi-Praktik Konqresdə institutunun rektoru Nazim Pənahov deyib.

O qeyd edib ki, 90 illik tarixi ərzində institut minlərlə yüksəkixtisaslı həkimin yetişməsində, ölkənin səhiyyə sisteminin formalaşmasında və inkişafında müstəsna rol oynayıb. Bu gün Azərbaycan səhiyyəsində çalışan çoxsaylı həkimlərin, şöbə və klinika rəhbərlərin peşəkar fəaliyyətində zəngin ADHTİ-nin elmi-pedaqoji ənənələrinin izləri aydın şəkildə hiss olunur. “İnstitutun formalaşması və yüksəlişi bir sıra görkəmli şəxsiyyətlərin adı ilə bağlıdır. Azərbaycan səhiyyəsinin korifeyi, institutun simvolu olan Əziz Əliyev böyük alim, peşəkar həkim və dövlət xadimi kimi ölkənin səhiyyə sisteminin bünövrəsinin qoyulmasında mühüm rol oynayıb. Onun ideyaları və tibbi maarifçilik missiyası bu gün də institutun fəaliyyətində əsas istiqamət olaraq qalır. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın elmi-pedaqoji fəaliyyəti, eləcə də akademik Mirməmməd Cavadzadənin Azərbaycan tibb elminə verdiyi töhfələr institutumuzun tarixində silinməz izlər buraxıb”, - deyə institutunun rektoru vurğulayıb.

Rektor Beynəlxalq Elmi-Praktik Konqresdə müxtəlif ölkələrdən iştirak edən qonaqların institutun artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu deyib: “Biz qlobal elmi əməkdaşlığa və beynəlxalq inteqrasiyaya xüsusi önəm verir, bu istiqamətdə tərəfdaşlıqlarımızın daha da genişlənəcəyinə inanırıq”.

Избранный
95
azertag.az

1Источники